Şriftin ölçüsü :

Saytın rəngi :

Volqoqradda 4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumu başa çatmışdır

08 iyun 2013 | 10:00

 

 

İyunun 6-da Volqoqradda 4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumu başa çatmışdır.
İyunun 6-da Forum iştirakçıları Mamayev Kurqanında “Stalinqrad döyüşü qəhrəmanlarına” tarix-memorial kompleksində olmuşlar.
Sonra Volqoqradın Yeni Eksperimental Teatrında Forumun plenar iclası başlanmışdır.
Teatrın foyesində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgi açılmışdır. Forum iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Volqoqrada və Rusiyanın digər regionlarına səfərlərini əks etdirən tarixi fotoşəkillərə, habelə Stalinqrad döyüşündə iştirak etmiş qəhrəman azərbaycanlıların fotoşəkillərinə böyük maraqla tamaşa etmişlər.
Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov plenar iclası açaraq qeyd etmişdir ki, sosial-iqtisadi həyatın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Qubernator demişdir: “Volqoqrad vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın dərin kökləri vardır. Bu dostluğun təməli 20 ildən çox bundan əvvəl qoyulmuşdur. O vaxt, 1987-ci ildə Heydər Əlirza oğlu Əliyev Volqoqrad vilayətinə səfər etmişdi. Bu gün də Azərbaycan bizim aparıcı ticarət tərəfdaşlarımızdan biridir”.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin regional və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətlərini oxumuşlar.
Plenar iclasın moderatorları Rusiya tərəfdən Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Azərbaycan tərəfdən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə idi.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Federal Məclisi Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelov, Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları öz çıxışlarında qeyd etmişlər ki, artıq ənənəyə çevrilmiş, iştirakçılarının əhatə dairəsi getdikcə genişlənən bu Forum regionlararası əlaqələrin inkişafı üçün əlverişli bir məkandır.
İclasda iki saziş imzalanmışdır. Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Sazişi Rusiyanın energetika nazirinin müavini Anton İnyutsın və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalamışlar.
Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Sazişi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalamışlar.
Sazişlər imzalanandan sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, Azərbaycan və Rusiya energetika sahəsində çox böyük ixrac potensialına malikdir. Hələ 2004-cü ildə Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşündə Şimal-Cənub enerji dəhlizi yaradılması təşəbbüsü irəli sürülmüşdü. Nazir demişdir: “Azərbaycanda enerji sistemi uzun illər boyu təkmilləşdirilmiş, yenidən qurulmuş və modernləşmişdir. Bu gün bütün texniki problemlər həll edilmiş və Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında energetika sahəsində müstəsna əhəmiyyətli saziş imzalanmışdır”.
Sonra Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələri “dəyirmi masalar” arxasında davam etdirmişlər.
“Dəyirmi masa” iclasları başa çatandan sonra moderatorlar qeyd etmişlər ki, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparılmışdır. Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulmuşdur. 5-ci Rusiya-Azərbaycan regionlararası Forumunun Azərbaycanda keçirilməsi qərara alınmışdır.
4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” Forumu yekun bəyanatın qəbul edilməsi ilə başa çatmışdır.

Keçidlər