“Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri”
İyunun 6-da Volqoqraddakı Həlak Olmuş Döyüşçülər Meydanında Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu çərçivəsində “Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” mövzusunda regionlararası sərgi keçirilir.
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov sərgini açaraq qeyd etmişdir ki, ekspozisiyada Volqoqrad vilayətinin bütün nailiyyətləri təmsil olunmuşdur. Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın böyük perspektivləri vardır və hər iki dövlət güclü potensiala malikdir. O.Kirsanov ümidvar olduğunu bildirmişdir ki, iki ölkə arasında, o cümlədən Azərbaycanla Volqoqrad arasında humanitar və xeyriyyə layihələri səmərəli inkişaf edəcəkdir.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov açılış mərasimində çıxış edərək vurğulamışdır ki, bu sərgi və forum ölkələrimiz arasında əməkdaşlığın, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında daha bir addımdır. V.Çernov demişdir: “Bu münasibətlər həm bizim müştərək tariximizə, həm də iqtisadi və humanitar sahələrdə əlaqələrimizə əsaslanır”.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd etmişdir ki, bu sərgi ölkələrimizin iqtisadi potensialı ilə daha yaxından tanış olmaq üçün yaxşı bir imkandır.
Nazir Azərbaycanın iqtisadi inkişafından söhbət açaraq qeyd etmişdir ki, son 10 ildə ölkədə ÜDM 3 dəfədən çox artmış, qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı yüksək sabitlik nümayiş etdirmişdir.
Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafına dəlalət edən bir neçə rəqəm göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti ölkədə müasir texnologiyalardan istifadə etməklə intensiv təsərrüfatçılıq metodları əsasında müəssisələr yaradılması üçün səy göstərir. Bundan əlavə, Azərbaycanda prioritet sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır.
Nazir qeyd etmişdir ki, sərgidə respublikanın nailiyyətləri ilə yanaşı, gələcək layihələr də nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin “Ağ şəhər” yaratmaq planları barədə söhbət açaraq demişdir: “Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirirdi ki, zaman gələcək, Azərbaycan dünyaya günəş kimi açılacaqdır. Qara şəhər ağ şəhərə çevriləcəkdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və öz sərvətlərini artırır”.
Sərginin ekspozisiyası üç tematik bölmədən ibarətdir: Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin ekspozisiyaları. Volqoqrad vilayətinin 40-dan çox əmtəə istehsalçısı, o cümlədən “Volqoqradneftemaş”, “VZBT”, “Tsaritsinskaya obyedinennaya manufaktura”, “Voljskiy abrazivnıy zavod”, “Kamışinskiy tekstil”, “Pivovar”, “Konfil”, “Sadı pridonya”, “Tsar-produkt” zavodları və başqa istehsal müəssisələri öz məhsullarını nümayiş etdirir.
Sərgi iştirakçılarının ümumi rəyinə görə, Rusiya-Azərbaycan İqtisadi Forumu Volqoqradın sənaye müəssisələrinin Azərbaycan biznesinin nümayəndələri ilə səmərəli əməkdaşlığı və mütəxəssislərin təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.