Volqoqradda Azərbaycan-Rusiya Dostluq Parkının təməli qoyulub
05 iyun 2013-cü il tarixində Volqoqradda "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV forumun birinci günündə Dostluq Parkının təntənəli təməlqoyma mərasimi keçirilib. Bu barədə Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru və hökumətinin rəsmi saytı xəbər verir.
Layihənin həyata keçirilməsi üçün meydança qismində Volqoqrad şəhərində Mərkəzi Mədəniyyət və İstirahət Parkının ərazisi seçilib. Hazırda baxımsız vəziyyətdə olan ərazini Azərbaycan tərəfi tamamilə yeniləyəcək. Burada müasir abadlıq işləri görüləcək, yeni arxitektura formaları, uşaq meydançaları salınacaq, fəvvarələr quraşdırılacaq, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə abidə qoyulacaq.
Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Onlar Volqa döyüşündə vuruşan xalqların qardaşlıq simvoluna çevriləcək yeni parkın volqoqradlıların xoşuna gələcəyinə ümid etdiklərini bildiriblər. Ərazinin abadlaşdırılması üzrə bütün işlər tamamilə Azərbaycan tərəfinin hesabına görüləcək.
Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəniyyətlərarası əlaqələr üzrə İdarəsinin rəisi Vladimir Çernov bildirib ki, bu layihə, şübhəsiz, iki dövlət arasında mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcək: "Bu təşəbbüsə görə Azərbaycan nümayəndələrinə və Volqoqrad vilayətinin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm". O, nəsillərə müxtəlif millətlərin nümayəndələri arasında sülhün və həmrəyliyin qorunması çağırışı ilə abidənin bünövrəsinə kapsulun qoyulması mərasimində iştirak edib.
Qeyd edək ki, Volqoqradda salınacaq yeni Dostluq Parkı layihəsi artıq razılaşdırılıb və inşaatçılar işə başlamağa hazırdırlar.
Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kersanov qeyd edib: "İstirahət üçün yeni ərazi çox gözəl olacaq. Bu, qəhrəman şəhərə əsl hədiyyədir. Yenidənqurma işləri cari ilin sonunadək tamamilə başa çatdırılacaq".
Arxitektorların bu obyektdə həyata keçirməyə qərar verdikləri əsas işlərdən biri də müharibənin qəhrəmanları haqqında abidə olacaq. Məlum olduğu kimi, Stalinqrad döyüşündə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov və Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayev daxil olmaqla bir çox azərbaycanlı şücaətlə iştirak edib. Bundan başqa, tarixçilərin dəlillərinə görə, məhz indiki Mərkəzi mədəniyyət və istirahət parkının ərazisində Çar dövründə neft anbarının tikildiyi Nobel şəhərciyi yerləşib. Bura Volqa ilə Bakıdan neft göndərilirdi. Döyüşlər vaxtı burada sovet tanklarına yanacaq doldurulurdu. Buna görə də Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq haqqında abidə mütləq yeni parkda ucaldılacaq.