II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Qobustanda açıq havada “Qobustan kölgələri” baletinin premyerasına baxmışlar.
Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları mayın 31-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar.
Forum iştirakçılarına qoruqla bağlı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Diqqətə çatdırılmışdır ki, buradakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə XII Roma legionunun burada olduğunu göstərir.
Sonra qonaqlar açıq havada Əməkdar İncəsənət Xadimi, professor, bəstəkar Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin premyerasına baxmışlar.
"Qobustan kölgələri" baletinin musiqisi keçmiş ilə bu günün sintezi baxımından çox mənalıdır. Baletdə folklor musiqisindən yaradıcı şəkildə istifadə olunmuşdur. "Qobustan kölgələri"nin orijinal quruluşu, məşhur Britaniya xoreoqrafı Maksin Brahmana məxsusdur.
UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş, 2013-cü il üzrə "Avropada ilin muzeyi" müsabiqəsinin qalibi olmuş Qobustan Milli Tarix-Bədii Qoruğunda açıq havada tamaşaya qoyulan balet Forum iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.