22 iyul Milli Mətbuat günü münasibəti ilə tədbir keçirilmişdir
22 iyul 2022-ci il tarixində Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, “Respublika”, “Yeni Azərbaycan”, “Azad Azərbaycan”, və digər qəzetlərin, “AzərTac” İnformasiya Agentlyinin, Az.TV, ATV, Space televiziya kanallarının, “Trend”, "Unikal" və digər saytların əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov Milli mətbuatımızın yaranmasından 147 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik etmişdir. Qeyd etmişdir ki, “147 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir”.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov çıxış edərək, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulamışdır. Bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Munis Byramov çıxışında qeyd etti ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Çıxış edən hər üç natiq 44 günlük Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətralı işıqlandırdıqlarını, fədəkarlıq göstərdikləri haqqında bəhs etdilər.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunmuşdur.