Rayonun qəsəbələri ilə online müşavirə keçirilmişdir.
27 may 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun qəsəbələri ilə online müşavirə keçirmişdir.
Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş online müşavirədə Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Ələt, Səngəçal, Müşfiqabad qəsəbələrindən 150-dən çox sakin iştirak etmiş, onlardan 41 nəfəri birbaşa yerlərdən Başçıya müraciət etmişlər.
Vətəndaşlar ilk öncə qəsəbələrdə görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, sonra onları narahat edən problemlərlə bağlı başçıya müraciət etmişlər.
Sakinləri ən çox narahat edən problemlər fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, mənzil və tikinti məsələləri olmuşdur.
On-line müşavirə zamanı rayon sakinlərini dinləyən başçı qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə problemlərin həlli üçün qısa müddətdə tədbirlər görülməsi, RİH aparatının müvafiq şöbələrinə bu işlərin nəzarətdə saxlanılması tapşırmışdır.
Vətəndaşları ən çox narahat edən problemlər içərisində qəsəbələrin abadlaşdırılması, qəsəbədaxili yolların təmiri, istismar müddətini başa vurmuş su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinin qaz, işıq və su problemlərinin həll edilməsi, maddi köməklik və işsizlik problemi olmuşdur.
Qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı və görüləcək işlər barədə məlumat verilmişdir.