Qobustan muzeyi “Avropada ilin muzeyi” müsabiqəsinin mükafatı ilə təltif olundu.
Belçikanın Tongeren şəhərində keçirilən “Avropada ilin muzeyi” müsabiqəsində (EMYA-European Museum of the Year Award) Qobustan muzeyi “Tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə” mükafatı ilə təltif olunub.
Dünyada muzeyçilik sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən olan EMYA 1977-ci ildən etibarən Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilir. Mövcud şərtlərə görə müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı rekonstruksiya edilmiş, yeni bölüm yaratmış “köhnə” muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə əhaliyə yüksək mədəni xidmət təqdim etməsidir.
Qeyd edək ki, Qobustan Tarixi-Bədii Qoruğunda Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiyalar ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına verilmişdir.
Muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunmuşdur. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunmuşdur. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustan təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf” zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunmuşdur. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunmuşdur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışı və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. “Petroqliflərin mənası” və “Qobustan qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsnəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumat verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür. Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Qoruq ərazisində ümumi sahəsi 283 kvadratmetr olan və 2 teleskopun quraşdırıldığı baxış meydançası inşa edilmişdir.
Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci il 26 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır.