Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

19 mart 2022 | 11:00

    Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olundu. Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olundu.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov,  YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov və Səbinə Xasayeva, Şura üzvləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
    Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra bayram tonqalı yandırıldı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə 30 illik Qarabağ həsrətinə son qoyaraq 44 gündə torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq 2 bahardır ki, bayram tonqalları Şuşada, Ağdamda və digər azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə alovlanır. Azərbaycan xalqı bu bayramı qürur hissi ilə qeyd edir.
   Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
   Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında yallı ifa etdilər.
   Tədbir iştirakçıları Novruz şirniyyatına qonaq edildilər.
   Azərbaycanın görkəmli ifaçılarının iştirakı ilə bayram konserti keçirildi.
   Tədbir atəşfəşanlıqla başa çatdı.

Keçidlər