Sahil qəsəbəsində şəhid ailələri və qazilərlə Novruz bayramı qeyd edilib
18 mart 2022-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən “Kristal” sarayında şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirilmiş və Novruz bayramı şənliyi qeyd edilmişdir. Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur.
Lahiyə çərçivəsində “Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz” adlı kitabça tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz haqqında qısa məlumat verilir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri, “91-lər”in və YAP Ağsaqqallar Şurasının üzvü Munis Bayramov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və şəhid ailələrinin üzvləri, qazilər Elxan Məmmədov, Vaqif Cəbrayılov və başqaları çıxış etmişlər.
Tədbirin bədii hissəsində Qaradağ rayonu Sahil Qəsəbəsi 228 saylı tam orta məktəbin direktor müavini Cəmilə xanım Nuqrəzadə Novruz bayramı ilə əlaqədər şeirlər söyləyib, həmin məktəbin bədii özfəaliyyət kollektivinin və 5 saylı İncəsənət Məktəbinin kollektivinin iştirakı ilə mahnılar oxunub. Aşıq Seyid Xanların ifasında saz havaları səsləndirilib. Tədbirin sonunda şəhid ailələri, qazilər və digər iştirakçılar üçün bayram hədiyyələri paylanıb.