Qobustan Dövlət Tarixi və Bədii Qoruğunda
18 may 2013-cü il tarixində “Beynəlxalq muzeylər günü” ilə əlaqədar Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi və Bədii Qoruğuna rayonun orta məktəb şagirdlərinin ekskursiyaları təşkil edilmişdir.
18 may 2013-cü il tarixində “Beynəlxalq muzeylər günü” ilə əlaqədar Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi və Bədii Qoruğuna rayonun orta məktəb şagirdlərinin ekskursiyaları təşkil edilmişdir.
Ekskursiyaya gəlmiş məktəb şagirdlərinə dövlətimizin muzeylərə, tarixi abidələrə və qoruqlara yetirdiyi diqqətdən danışılmış, Ulu öndər Heydər Əliyevin hələ sovet illərindən hər zaman xalqımızın tarixinin yaşaması üçün daim mübarizə apardığını qeyd etmiş, müstəqillik illərində də xalqımızın milli-mənəvi dəyərlərinə göstərdiyi diqqət və qayğını vurğulamışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin muzeylərin, qoruqların və tarixi abidələrin yaşadılması, yenidən bərpası üçün göstərdiyi dövlət və şəxsi qayğısından bəhs edilmişdir.
Qobustan Dövlət Tarixi və Bədii Qoruğunun yaranması tarixindən danışmış və bu qoruğun Yuneskonun inciləri sırasına, mədəni irs siyahısına daxil edilməsində Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərinin olduğu qeyd edilmişdir.
Qobustanın tarixi barədə şagirdlərə ətraflı məlumat verilərək bildirilmişdir ki: Qobustan coğrafi rayonu Şərqi Azərbaycanda yerləşən, şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənən, qobu və yarğanlara malik geniş ərazidir. Elə Qobustan sözünün mənası da qobu və stan (yer), yəni qobuluq, qobular olan yer deməkdir. Qobu sözü isə türk mənşəli sözdür, qurumuş geniş çay vadisi mənasını verir. Bu ərazinin uzunluğu (şimaldan cənuba) 100 km, eni 80 km-ə yaxındır. Ərazinin orta hündürlüyü 600-700 m-dir. Qafqazda ən böyük palçıq vulkanları Qobustandadır. Qobustan dağətəyi zona olsa da, burada qayalıq sıralar çoxdur. Burada yarımsəhra sahələr inkişaf etmişdir.
Qobustanda aparılan arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövründən, yəni, eramızdan 35-34 min il əvvəlki dövrdən başlayır. Deməli, əgər üst paleolit dövründən Qobustanda həyat başlanıbsa, burada yaşayış üçün lazımi şərait olub, yəni iqlimi əlverişli, bitki və heyvanat aləmi isə zəngin olub. Qobustan qışı mülayim, yayı isə isti - quru keçən subtropik iqlimə malikdir. Atmosfer yağıntılarının miqdarı xeyli azdır. Yağıntı əsasən payızın sonundan yazın ortalarına qədər düşür. Qobustanın əsas çayı Ceyrankeçməzdir. Suyu şorandır və əsasən yağış suları ilə qidalanır. Ümumiyyətlə, Qobustan ərazisindəki çaylar Baş Qafqazın atmosfer yağıntıları və xırda bulaqlarla qidalanır.
Qobustanın bitki örtüyünə gəldikdə isə, ərazi bitki örtüyü cəhətdən kasıbdır. Burada qayalar arasında böyürtkən, doqquzdon, ardıc, dağdağan, cır albalı, dovşan alması, nar, üzüm və digər bitkilərin olması onu sübut edir ki, qədim zamanlarda buranın iqlimi kifayət qədər rütübətli, yəni atmosfer yağıntılarının miqdarı çox olmuşdur.
Qobustanın heyvanat aləmi də çox kasıbdır. Əgər əvvəllər burada çoxlu sayda ceyran, dağ keçisi, vəhşi öküz, maral, at, şir və ov üçün digər əhəmiyyətli heyvanlar var idisə, indi isə yalnız canavar, tülkü, boz dovşan, vəhşi pişik, tısbağa və digərlərini görmək olar.
1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınmış ümumi sahəsi 4400 hektar olan Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və Yazılıtəpə ərazisi Respublika Nazirlər Sovetinin qərarı ilə Dövlət tarixi bədii qoruğu elan edildi. Buraya həmçinin Şonqardağ və Şıxqaya qayaüstü kolleksiyaları da daxildir.
Qoruğun ərazisi Qobustanın cənub-şərq hissəsində Xəzər dənizindən o qədər də aralı olmayan bir şəhəri əhatə edir. Buradakı dağların üst qatı qalınlığı 10-15 m olan Abşeron əhəngdaşı laylarından ibarətdir. Onların torpaq örtüyü çox da qalın olmayıb, təxminən 20-150 mm təşkil edir.
Qobustan qayaüstü rəsmlərinin mövcudluğu 1939-cu ildə məlum olduqdan sonra ilk dəfə görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən onların tədqiqatına başlanılmışdır. O, elə bu ildə Cingirdağ və Yazılıtəpədə, 1940-cı ildə isə Böyükdaş, Kiçikdaş ərazisində qayaüstü rəsmlərin tədqiqatını aparmışdır.
Lakin Qobustan rəsmlərinin ardıcıl araşdırılması II Dünya müharibəsi ilə təxirə salınmış, 1947-ci ildən isə bu işə yenidən başlanmışdır.
Hal-hazırda Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasıнда Böyükdaş, Kiçikdaş, Cıngırdağ - Yazılıtəpə, Şonqar, Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrin sayı təxminən 1000 qaya üzərində 6000-dən çoxdur. Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Buraya insan və heyvan təsvirləri, vəhşi öküz, keçi, maral, ceyran, at, quş, balıq və digər təsvirlər daxildir.
Qayalarda çoxlu sayda qayıq, balıq tutmaq üçün tor şəkilləri, ikiçarxlı araba, dəvə karvanları, svastika, xaç, günəş, bundan əlavə, Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII ildırım sürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı vardır. Müasir Azərbaycan xalq rəqsi olan «Yallı»nı xatırladan tək və qrup halında mərasim rəqslərinə də təsadüf olunur.
Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpədə insan, keçi, maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa, xaç təsvirlərində, həmçinin, yalaq və daş üzərində ikitərəfli deşiklərin olmasında mövzu ümumiliyi mövcuddur. Onlar arasında fərq yalnız tərtibat üslubunda, onların həkk olunması zamanından asılı olaraq rəsmlərin düzülüşünün xarakterindədir.
Çiyinlərində kamanla silahlanmış kişi və qadın təsvirləri, tək və qrup halında rəqs səhnələri, həmçinin öküz, canavar, donuz, qayıq və balıq təsvirləri Böyükdaş dağında yerləşir və daha erkən dövrlərə aid edilir. Oyunlar üçün kiçik kvadratlar, damğalar, oyuqlar, şir təsvirləri, maralların iri rəsmləri isə əsasən Cingirdağ və Yazılıtəpə üçün səciyyəvidir və onlar daha sonrakı dövrlərə aid edilirlər.
Qobustan qədim qayaüstü təsvirlərlə yanaşı, son 34 min il ərzində burada yaşamış və yaratmış qədim insanların düşərgələri, yaşayış yerləri və başqa tarixi-arxeoloji abidələrlə də zəngindir.
Burada 1960-cı illərdən qazıntılar başlanıb və üst paleolit dövrünün sonlarından orta əsrlərə qədərki bütün dövrlərə aid «Ana-zağa», «Kənizə», «Ovçular-zağa»sı, «Öküzlər», «Firuz», «Daşaltı», «Ceyranlar» və digər 20-dək marağa, tunc və sonrakı dövrlərə aid olan 40-dan çox kurqan tipli və 2 daş dövrü qəbri abidəsi arxeoloji qazıntılarla tədqiq olunmuş, bir neçə yerdə kəşfiyyat qazıntısı aparılmışdır. Qazıntılar zamanı üzərində rəsmlər olan kiçik daşlar da tapılmışdır.
Qobustanda qayalar üzərində qazılmış diametri 15-40 sm və dərinliyi 10-30 sm olan 436 sayda qədim yalaqlar, həmçinin diametri 5-8 sm olan ikitərəfli dəliklər mövcuddur. Bu yalaqlar qayalar üzərində Qobustan ərazisində qeydə alınmış qədim mədəniyyətin yaradıcıları tərəfindən möhkəm tərkibli daş alətlərlə - çaxmaq daşı, bazalt, yaşma və sair daşlarla oyulmuşlar. Adətən çalalara daş dövrü düşərgələri hesab edilən mağaraların, qayaaltı sığınacaqların qarşısında rast gəlinir. Tədqiqatçılar onların tarixini Neolit dövrünə aid edirlər. Onlar yağış suyunun, qurbanlıq heyvanların qanının toplanması və s. üçün istifadə olunan ən primitiv qablar sayılır. Dəliklərdən isə heyvan bağlamaq və ərzaq asmaq üçün istifadə edirdilər.
Qobustanda maraq doğuran abidələrdən biri də Cingirdağın şimal - şərq ətəyində yerləşən qədim musiqi aləti - Qavaldaşdır. Ona zərbələr endirdikdə daşdan müxtəlif ahəngli səslər çıxır. Qavaldaşın səs çıxarmasına səbəb onun hava yastığı üzərində yerləşdirilməsidir. Qədim qobustanlılar öz bayramlarını, şənliklərini, qayalar üzərində təsvir etdikləri yallı oyunlarını və başqa mərasimlərini bu daşda ifa etməklə keçirmişlər.
Qobustanda qəbir abidələri də tədqiq edilmişdir. Bu baxımdan ərazidə aşkar edilmiş 40-dan çox kurqan tipli qəbir abidəsini misal göstərmək olar. Kurqanlar çox aydın yerüstü əlamətə malik olub, tək-tək və ya qrup halında qayaların arasında kiçik təbii qalxmalar üstündə və qayalığa yaxın düzdə yerləşmişdir. Bəzi kurqanların bir-birinə çox yaxın olması onların örtük daşlarının dağılıb qarışmasına səbəb olmuşdur.
Qobustan kurqanları daş və torpaq örtüklüdür. Onların ümumi hündürlüyü təxminən 0,5-1,1; diametrləri 5-11 metrdir. Onlarda daş örtüк altında bir cərgə düzülmüş dairəvi daş hasar-kromlexin olması diqqəti cəlb edir. Bəzi kurqanlarda örtük dağıldığından hasar-kromlex yer səthində aydın izlənilir, bəzən isə yaxşı saxlanmış örtük təmizləndikdən sonra üzə çıxır.
Aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, Qobustan kurqanlarının örtüyü sadə daş yığını deyil, bir növ tikinti xarakteri daşıyır.
Qobustanın qayaüstü təsvirləri və onlarla əlaqəli olan digər arxeoloji obyektlər qədim mədəniyyət abidələrinin qiymətli kompleksidir. Onların əsasında tarixin daha erkən dövrləri ilə əlaqələri müşahidə etmək olar. Onlar Azərbaycan xalqının qədim dövr tarixinin tədqiqi üçün qiymətli məlumatlar verirlər.
Qobustan Milli tarix-bədii qoruğunda mövcud olan mədəni abidələrin qorunması üçün dövlətimiz tərəfindən bir sıra tədbirlər görülmüşdür.
1950-1960-cı illərdə Qoruğun ərazisində daş karxanaları fəaliyyət göstərirdi. Bu karxanaların işlərinin dayandırılması haqqında Azərbaycan SSR Nazirlər kabineti dəfələrlə qərarlar vermişdir.
Lakin son olaraq bu problemin həlli yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilmişdir.
Belə ki, Azərbaycan SSR Nazirlər kabinetinin 1970-ci il 115№-li qərarı ilə Böyükdaş ərazisində yerləşən daş karxanasının qiymətli mədəniyyət abidələri üçün təhlükə yaratdığını nəzərə alaraq 1 yanvar 1971-ci ildən daş kubiklərinin istehsalı dayandırılmışdır.