Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm
11 mart 2022-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, rayonun ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdi.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəhim Rəhimli milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçı hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Firidun Hüseynov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda milli, dini dəyərlərə dövlətin diqqət və qayğısını və eyni zamanda radikalizm və ekstremizmə qarşı barışmaz mövqeyini qeyd etdi. O, bu gün ölkədə 2200-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov dəyirmi masanın mövzusunun “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq dövlətimizin milli adət-ənənələrimizə, dini dəyərlərimizə sahib çıxmasından və onlardan gənc nəslin düzgün faydalanması üçün aparılan dövlət gənclər siyasətindən danışdı.
Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Lökbatan qəsəbə məscidinin imamı Faiq Əhmədov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən söhbət açdı. Qeyd etdi ki, dini radikailzmə aparan yollardan biri də dini savadsızlıqdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.