Rayonun ekoloji durumu daim diqqət mərkəzindədir.
Qaradağ rayonunun bütün ərazisində əkilmiş ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması daim diqqət mərkəzindədir.
Dövlət Başçısının təşəbbüsü və dəstəyi ilə respublikamızın bütün regionlarında olduğu kimi Qaradağ rayonunda da genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir.
Son illər ərzində müasir dövrün tələblərinə cavab verən məktəblər, uşaq bağçaları, istirahət parkları və digər sosial-iqtisadi obyektlər rayon sakinlərinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və həmin Dövlət Proqramının Əlavə Tədbirlər Planında Qaradağ rayonu üzrə 113 tədbir nəzərdə tutulmuşdur. Onlardan 28-i icra edilmiş, 50-i hazırda icra edilir, 35-nin icrası 2013-cü il ərzində həyata keçiriləcəkdir.
Bu proqrama əsasən ekologiya sahəsi üzrə 2 tədbir nəzərdə tutulmuşdur ki, bu da avtomobil yollarının ətrafında müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və yaşıllaşdırma işlərinin aparılması; Neft mədənləri ərazisində mövcud olan neftlə çirklənmiş göllərin qurudulması, həmin ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasıdır.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ilin əvvəlindən may ayının sonunadək rayon ərazisində təxminən 8000 ədəddən çox müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir.
Rayon ərazisində əkilmiş bütün ağac və dekorativ kollara mütəmadi olaraq müvafiq aqrotexniki qulluğun göstərilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşə fonduna aid olmayan ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” haqqında qərarın tələblərinə əsasən Bakı-Ələt (Astara) magistral avtomobil yolunun sağ və sol hissələrində, rayonun digər ünvanlarında əkilmiş minlərlə müxtəlif ağaclar daim nəzarətdədir. Onların sulanması üçün suvarma sistemləri quraşdırılmışdır.
Bununla yanaşı, quruculuq-abadlıq tədbirləri çərçivəsində Qaradağ rayonunda əhalinin istirahəti üçün bütün lazımı şəraiti olan parklar salınır, nümunəvi məhəllələr yaradılır.
İnsanların zövqünü oxşayan estetik görüntünün yaradılması üçün bütün müvafiq işlər görülür. Əhali cari yaz mövsümündə artıq parklara üz tutub.
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müvafiq tabeli idarələrinin 150-ə yaxın işçisi bütün il ərzində gündəlik olaraq əkilmiş bütün ağac və dekorativ kollara aqrotexniki qulluğun göstərilməsini təmin edirlər.