Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9№-li Xüsusi İnternat Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi
28 dekabr 2021-ci il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9№-li Xüsusi İnternat Məktəbində bayram şənliyi keçirdi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri, 9 nömrəli Xüsusi İnternat məktəbin direktoru, müəllimlər və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun salamlarını tədbir iştirakçılarına çatdırdı və onun adından uşaqları təbrik etdi. T.İsmayılova bildirdi ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edir. O, Yeni ilin gəlişini uşaqlarımızın daha çox gözlədiyini də qeyd edərək bildirdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük məhəbbət və diqqətlə yanaşır, onlara dövlət qayğısı göstərirlər. Uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və qayğı ilə əhatə olunması üçün, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi.
Daha sonra tədbir bayram konserti ilə davam etdirildi. Şaxta baba, Qar qız, klounların şən zarafatları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara yeni il hədiyyələri verildi.