Cabbar Qaryağdıoğlunun 160 illiy yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
16 dekabr 2021-ci ildə Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, ömrünü Azərbaycan muğam sənətinin yaranmasına həsr etmiş xanəndə Cabbar Qaryağdıoğlunun 160 illiy yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdə qonaq qismində Qaradağ Rayon İcra Hakimiyyətinin başçının müavini Təranə İsmayılova, 5 nömrəli İncəsənət Musiqi məktəbinin, 11 nömrəli Musiqi məktəbinin və 16 nömrəli musiqi məktəbinin direktorları, məzunları, müəllim, şagird heyəti istirak etmişdilər.
Aparıcı Cabbar Qaryağdıoğlunun yaradıcılığı haqqında geniş məlumat vermişdir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur. O,1934-cü ildə altı ay müddətinə professor Bülbülün rəhbərlik etdiyi “Azərbaycan musiqisini öyrənən elmi kabinet”ə 220 xalq mahnısı, təsnif və 70-ə qədər xalq musiqi parçası vermişdir. Qaryağdıoğlu həmin mahnı və təsnifləri köhnə dostu tarzən Qurban Pirimovun müşayiətilə oxumuşdur. Cabbar Qaryağdıoğlunun ifa etdiyi 300-ə qədər mahnı və təsnifi professor Bülbül fonovalikə yazmış, bəstəkar Səid Rüstəmov isə nota köçürmüşdür. Cabbar Qaryağdıoğlu tərəfindən fonovalikə köçürülmüş 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi kabinet tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilmişdir.
Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri içərisində ilk dəfə olaraq 1986-cı ildə məhz məktəbimizdə xanəndə sinifi açılıb. 1989-cu ildə məktəbimizə görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun adı verilib. Az bir vaxt ərzində bu sinifin şagirdləri respublika müsabiqələrində, həmçinin ölkəmizdən kənarda dövlətimizi yüksək səviyyədə təmsil edib və məktəbin adını ucaldıblar. Bu gündə məktəbimiz böyük fəxr və qürur hissi ilə bu dahi insanın adını daşıyır və hər zaman Cabbar Qaryağdıoğlu adına layiq olaraq ön sıralarda gedir.
Konsertin proqramını xanəndə ixtisası üzrə müəllim Fədail Qəhrəmanov hazırladı. Ansamblın bədii rəhbəri Rövşən Tağıyev idi.
Konsertdə Cabbar Qaryağdıoğlunun həyatından kiçik səhnəcik, musiqi repertuarından muğam, təsniflər və xalq mahnıları məktəbin şagirdləri və məzunları tərəfindən ifa olunmuşdur.