“Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu”
30 noyabr 2021-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi səlahiyyətli nümayəndələri, rayonun ictimaiyyət nümayəndələri və rayon gəncləri iştirak edirdi.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəhim Rəhimli islami dəyərlərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, dini ektremizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçı hər iki məvhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Firidun Hüseynov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını və eyni zamanda radikalizm və ekstremizmə qarşı barışmaz mövqeyini qeyd etdi. O, bu gün ölkədə 2050-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov dəyirmi masanın mövzusunun “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq islam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açdı.
Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Lökbatan qəsəbə məscidinin imamı Faiq Əhmədov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən danışdı. Qeyd etdi ki, dini ekstremizmə aparan yollardan biri də dini savadsızlıqdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.