Xalq artistinin xatirəsi anıldı
2021-ci il noyabr ayının 19-da Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayonu, Ə.Əmirov adına mədəniyyət sarayında Azərbaycanın görkəmli teatr və kino xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Əliabbas Qədirovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə aktyor və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti, dosenti Azad Şükürov açdı: Bu gün burada Qaradağ rayonunda, möhtəşəm bir sarayda, onun işığına yığışmışıq. 60 ildə sakit, təlatümsüz zamanlarda, surətlə dəyişən, püskürən, qloballaşan dövrlərdə də həm aktyor, həm də bütöv insan, şəxsiyyət kimi bütün sınaqlardan, həyatın keşməkeşlərindən ləyaqətlə, dəyanətlə çıxan vüqarını gözləyən bir ziyalını – Əliabbas Qədirovu yad edirik.
Qaradağ RİH başçısının müavini Təranə İsmayılova çıxışında Əliabbas Qədirovun oynadığı rollar müxtəlif janrlarda olsa da bədii cəhətdən həmişə çox mükəmməl olduğunu qeyd etdi. Oynadığı obrazlara sanki elmi-nəzəri əsaslarla yanaşırdı, xarakterlərin psixoloji-fəlsəfi mahiyyətini açırdı. Ə.Qədirov çox gözəl, təkrarolunmaz səsə malik idi, Azərbaycanın məşhur qiraət ustalarından idi.
Cəfər Cabbarlının, Hüseyn Cavidin, İlyas Əfəndiyevin, Nazim Hikmətin, Səməd Vurğunun, B.Vahabzadənin əsərlərində müxtəlif obrazları canlandırıb. Tarixi əsərlərdə müxtəlif obrazları məharətlə oynaması həm də onun böyük vətəndaş, vətənpərvər olmasını göstərir.
Sonra çıxışçılar – Azərbaycanın görkəmli kinorejissoru Oqtay Mirqasımov, xalq artisti Zaur Rzayev, professor Fuad Məmmədov, əməkdar artistlər Rəşad İlyasov, Elza Seyidcahan və digər tanınmış sənət adamları Ə.Qədirovun yaradıcılığından, insani keyfiyyətlərindən, qayğıkeş rəhbərliyindən bəhs etdilər.
Ə.Qədirovun oğlu İlham Qədirov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür etdi.