“21 sentyabr – Beynəlxalq Sülh Günü”dür
19 sentyabr 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional şöbəsinin, Qaradağ rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qaradağ rayon filialının sədri, Lökbatan məscidinin imamı, gənc müəllim və şagirdlər iştirak etdi.
Tədbirdə Beynəlxalq Sülh Gününün BMT tərəfindən təsisolma tarixindən, yaranma səbəblərindən danışıldı. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyəti düşündürmüşdür. Sülh mövzusu bu gün torpaqlarını işğaldan azad etmiş Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini, bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyi diqqətə çatdırıldı. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda sülhün bərqərar olması üçün əsas yaratdı. Bu əsas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.
Bildirildi ki, istər 44 günlük Vətən müharibəsi dövründə istərsə də atəşkəs dövrü ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirdə iştirakçılar qəti əminliklə bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı, həyata keçirdiyi uğurlu siyasət sayəsində tezliklə regionda əbədi sülh bərqərar olacaqdır.