Bayraq Meydanı ilə tanışlıq
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları Bayraq Meydanında olublar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda keçirilmiş iki günlük Beynəlxalq konfransa dəvət edilmiş xarici qonaqlar tədbir zamanı Bayraq Meydanında olublar.
Qonaqlara bildirilmişdir ki, 2010-cu ilin sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Bayrağı Meydanının əhəmiyyətindən danışılaraq qonaqlara deyilin ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Bundan sonra hər il noyabrın 9-u respublikada Dövlət Bayrağı Günü kimi qeyd olunduğu bildirib.
Amerika Birləşmiş Ştatlarının «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın «Azenko» şirkəti yerinə yetirib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Qonaqlar Bayraq Meydanını gəzərək Bakının gözəlliyindən valeh olduqlarını bildirmişlər.