Qaradağ rayonunda 2-ci Qarabağ müharibəsi şəhidlərinin il dönümünə həsr olunmuş tədbir keçirilmişdir
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində "Polad Həşimov" adına idman klubunun təşəbbüsü ilə 25 oktyabr tarixində "Qarabağ Azərbaycandır" adlı 2-ci Qarabağ müharibəsi şəhidlərinin il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə General Polad Həşimovun anası Səmayə ana və qardaşı İlham Həşimov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, şəhid valideynləri, ailə üzvləri, müəllimlər, ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak edirdi. Tədbir Azərbaycan dövlət himni ilə açıq elan olundu. Ardınca şəhidlərimiz bir dəqiqəlik sükut ilə yad edildi. İlk olaraq söz "Polad Həşimov"adına idman klubunun prezidenti Eyvaz Hüseynova verildi. O, gələn qonaqları salamlayaraq 2-ci Qarabağ müharibəsi qazilərini səhnəyə dəvət etdi. Qazilər öz döyüş yolları haqqında təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Səmayə Həşimova bütün şəhid ailələrini səhnəyə dəvət etdi, və “Polad Həşimov” adına idman klubunun adından Şəhid ailələrini “Zəfər” diplomu ilə təltif etdi. Ardınca səhnədə həmin klubun idmançıları “Fəxri Fərman” ilə təltif olundular.
Sonda tədbir iştirakçıları Qızıldaş, Puta və Korgöz qəsəbələrində yerləşən şəhidlər xiyabanını ziyarət etdilər.