Dövlət Bayrağı Muzeyi ilə tanışlıq
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları Dövlət Bayrağı Muzeyində olublar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq gənclər siyasəti" mövzusunda keçirilmiş iki günlük Beynəlxalq konfransa dəvət edilmiş xarici qonaqlar tədbir zamanı Dövlət Bayrağı Muzeyində olublar.
Qonaqlara bildirilmişdir ki, Dövlət Bayrağı Muzeyi — 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır.
Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmışdır.
Qonaqlar Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqlarına baxmışlar.
Həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər qonaqlara göstərilmişdir.
Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimlərinə baxmışlar.
Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 19l8-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da qonaqların diqqətini cəlb edib.
Qonaqlara bildirilmişdir ki, muzeydəki eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.
Sonra muzeyi ziyarət edən qonaqlar xatirə şəkilləri çəkdirmişlər.