Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir
Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən 18 oktyabr 2021-ci il tarixində müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunmuş video konfrans keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Natiq hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətin olmasının ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulamışdır. O, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndiyini qeyd etdi. Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım sürətinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını bildirərək qeyd etdi ki, müstəqilliyimizin bərpasından keçən 30 il ərzində Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
Daha sonra çıxış edən millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva qeyd etmişlər ki, tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra, süqutundan sonra da müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. 80-ci illərin sonlarında beynəlxalq aləmdə vəziyyətin dəyişməsi, keçmiş SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsi ilə Azərbaycanda da xalq hərəkatı dalğası yüksəlmişdir. Görünməmiş miqyas alan bu hərəkatı yatırmaq üçün sovet tankları xalqın üstünə göndərildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. İlk dəfə məhz Heydər Əliyev bu qırğını pisləyən bəyanatla çıxış etmiş və əslində baş verən hadisələrin siyasi mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətinin də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bu günün xalqımızın tarixində ən önəmli gün olduğunu, xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində, o cümlədən rayonumuzda böyük uğurlar əldə edilmişdir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü” münasibətilə bir daha tədbir iştirakçılarını təbrik etdi və təşəkkürünü bildirdi.