Qaradağ rayonunun Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım günü qeyd olunub.
Azərbaycanın haqq savaşı, Vətən müharibəsi sentyabrın 27-dən başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirmiş olduq. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq.
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullarımız kimi kapitan Pərviz Məmmədov və Ramal Məmmədov da olmuşdur.
Anım günü şəhidlərin məzarı önündə təşkil olundu və məzarları önünə tər gül dəstələri düzülüb ruhuna dualar oxundu.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidlərin ailə üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasıyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və rayon icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Şəhid Ramal Məhəmməd oğlu Məmmədov 01 yanvar 2000-cı il tarixində Gəncə şəhərində anadan olmuşdur. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir. Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlu 09 avqust 1989-cu il tarixində Tovuz rayonu Çeşməli kəndində anadan olmuşdur. Pərviz Məmmədov 2020-ci il sentyabrın 30-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.
Hər iki şəhid Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfin olunmuşdur.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər iki şəhidimiz “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda erməni işğalçılarına tarixi bir dərs verdiyini vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük, tarixi qələbəni gətirib.44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daim tarixdə və yaddaşlarda qalacaq.
Öz növbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.