Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür

19 iyun 2021 | 11:00

    Qaradağ Rayon İcra hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə videokonfrans keçirilmişdir. Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, icra hakimiyyətinin və tibb müəssisələrinin əməkdaşları iştirak etmişlər.
    Videokonfransı Emil Abbasov açmış və  tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.
   Çıxışında söyləmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   Hazırda Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.
   Bir ildən artıqdır, dünyada koronavirusla mübarizədə ciddi və sərt təcrid tədbirləri görülür. Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirmişdir. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.
    Azərbaycan bu sahədə 29 ölkəyə humanitar yardım göstərmişdir, bölgədə ilk vaksinasiya bizim ölkədə başlamışdır.
   Respublika üzrə 2.877.878 nəfər vaksinasiya olunub. Birinci mərhələdə 1.885.031 nəfər, ikinci mərhələdə 992.847 nəfər vaksinasiya olunub.
   Qaradağ rayonu üzrə 58.068 nəfər vaksinasiya olunub. Birinci mərhələdə 36.310 nəfər, ikinci mərhələdə 21.758 nəfər vaksinasiya olunub.
   COVİD – 19 pandemiyası yarandığı gündən həkimlər iş başındadırlar.
   44 günlük Vətən müharibəsi dövründə həkimlər iki cəbhədə döyüşürdülər. Həkim briqadaları cəbhə bölgəsində böyük fədakarlıqla fəaliyyət göstərmiş, gecə-gündüz yaralılarımızın həyatda qalması üçün mücadilə etmişlər. Vətən müharibəsində 42 nəfər tibb işçisi həyatını itirdi, onlarla mütəxəssislər yaralandılar, əlil oldular.
   COVİD – 19 pandemiyası ilə mübarizədə də yüzlərlə tibb işçisi həyatını itirdi, aylarla evlərinə, uşaqlarının yanına gedə bilmədilər. Bu cəbhədə mübarizə yenə də davam edir.
   Bu mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.
   Daha sonra Lökbatan Tibb Mərkəzinin pediatrı, Vətən müharibəsi əlili Pərviz İsmayılov pandemiya dövründə və 44 günlük Vətən müharibəsində həkim kimi hər iki cəbhədə mübarizə apardığını və insanların, eyni zamanda cəbhədə əsgər və zabit heyətinin sağlamlıqlarının keşiyində necə durduğu barədə ətraflı söhbət açmışdır. Qazilərimizə göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.
   Digər çıxış edənlər 13 saylı Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 32 saylı poliklinikanın baş həkimi Əlisəfa Hüseynov və "Lökbatan Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru Elçin Hüseynov  dünyada gözəgörünməz düşmənlə - koronavirusla mübarizədə ciddi və sərt təcrid tədbirlər görüldüyündən bəhs etmişdir. Əhali arasında maarifləndirmə işlərinin aparılmasını, vətəndaşların məsuliyyətli olmasının vacibliyini qeyd etmişdir. Həkimlərin, tibb işçilərinin xəstələnməməsi üçün yoluxan insanların sayının az olmasının vacibliyini xüsusi vurğulamışdır.
   Əlavə olaraq “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirildiyini vurğuladılar və qeyd etdilər ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir.
    Sonda Emil Abbasov  bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı və peşə uğurları arzulamış və səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçilərinin Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənmişdir. 

Keçidlər