Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunmuş videokonfrans keçirildi

27 may 2021 | 11:00

27 may 2021-ci il tarixində “28 May – Respublika Günü dövlətçilik tariximizin ən şanlı və parlaq səhifəsidir” mövzusunda videokonfrans keçirildi.
Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, RİH başçısı aparatının şöbə müdirləri, rayon qəsəbə nümayəndələri, rayon qəsəbə bələdiyyələrinin sədrləri, YAP Qaradağ rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, Gənclər Birliyinin, Qadınlar Şurasının, rayon Ağsaqqallar Şurasının üzvləri və ərazi partiya təşkilat sədrləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra, 1991-93-cü illərdə Respublikamızda mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşılaşdığı dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. 1990-cı il noyabrın 17-də təkrar  olaraq   milli bayrağımız dövlət bayrağı kimi ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qaldırıldı. Bu gün bu siyasət Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Millət vəkili Aydın Hüseynov bildirdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Bu qısa dövrdə Azərbaycanın bəzi milli atributları və idarəetmə mexanizmləri formalaşmışdır. Məhz buna görə də, həmin süqutdan sonra, 1991-ci ildə Azərbaycanın üçrəngli bayrağının yenidən ucaldılması xalqı fərəhləndirmişdir.
Millət vəkili Səbinə Xasayeva öz çıxışında qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük arzusudur. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.
Digər çıxış edən Sabir Ələkbərov və Taleh Quliyev Cumhuriyyət dövründən və müasir dövrümüzdə Azərbaycanın inkişafından ətraflı söhbət açdılar.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq 28 May-Respublika Gününün əhəmiyyətini qeyd edərək həmin müstəqilliyin bu gün hörmətli Prezidentimiz tərəfindən şərəflə qorunduğundan, 44 günlük Vətən müharibəsindən və əldə olunan Zəfərdən danışdı. Tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibəti ilə təbrik etdi.

Keçidlər