Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi

19 yanvar 2024 | 14:45

   Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

   Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini Nadir Muradov, şöbə müdirləri Munis Bayramov, İmran Həsənov, 20 Yanvar şəhid ailəsi və 16 nəfər 20 Yanvar faciəsinin əlili iştirak etdi.

   Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

   20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır.

   Daha sonra çıxışını davam edərək bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Arzu edirik ki, bundan belə xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin.

   20 Yanvar faciəsinin əlili İbrahimli Bafadar çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladı və baş verən hadisələrdən danışdı.

   Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi.

   Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə və 16 nəfər faciə iştirakçısına rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərildi.

 

Keçidlər