20 sentyabr - Neftçilər günü münasibəti ilə tədbir keçirilmişdir
19 sentyabr 2024-cü il tarixində 20 sentyabr – Neftçilər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, aparatın məsul işçiləri, rayonun neft sənayesi müəssisələrində çalışan neftçilər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının iyirmi üçüncü ildönümü tamam olunmasını, bu tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir.
Qeyd etdi ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb.
Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi.
1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından rayonun neft sənayesi müəssisələrində çalışan bir qrup neftçiyə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.