“2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi
01.01.2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində isə azərbaycançılıq məfkurəsi dayanıb. Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi. Nitqinin yekununda gəncləri təbrik etdi, fəaliyyətlərində uğurlar arzuladı.
Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov gənclər siyasəti istiqamətində rayonda görülən işlər, “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə qısa məlumat verdi.
Rayonun fəal gəncləri ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 10 nəfər gənc icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.