Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsinin yekun turu
05.02. 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turu keçirilmişdir.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, məktəb direktorları, müəllimlər və sagirdlər iştirak edirdilər.
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan edildi. Tədbiri açıq elan edən 166 saylı məktəb- liseyin direktoru Şəmsi Qocayev müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verərək müsabiqənin təşkilatçılarına dərin təşəkkürünü bildirib, belə tədbirlərin orta məktəb şagirdləri arasında vətənpərvərlik hisslərinin və milli ruhun yüksəlməsində əvəzsiz rol oynadığını qeyd etdi.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi.
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Müsabiqədə Qaradağ rayonu ərazisində fəaliyyət göstərən 26 məktəbdən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş 17 mövzu üzrə 105 şagird iştirak etmiş, 8 şagird yekun mərhələyə vəsiqə qazanmışdır. Bildirdi ki, Qaradağ Rayon İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, təşəkkürünü bildirdi və məktəblilərə uğurlar arzu etdi.
Tədbiri Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov yekunlaşdıraraq, Bakı şəhəri üzrə yekun inşa yazı müsabiqəsində Qaradağ məktəblilərinin iştirak edəcəyini bildirdi və onlara uğurlar arzuladı.