Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimizin övladı dünyaya gəlmişdir

28 yanvar 2021 | 11:00

  Şəhidlik məktəbdir, şəhidlik bir zirvədir!
  Bu gün qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütün Azərbaycan fəxr edir!
   Şəhid Nağıyev Anar Sahib oğlu 30.10.1989-cu ildə anadan olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir vəzifəsində xidmət edirdi. Hadrutun alınmasında topuğundan yaralanan Anar 2 gün Yevlax hospitalında müalicə aldıqdan sonra ərizə yazıb döyüş meydanına yenidən yollanmış, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Nağıyev ölümündən sonra "Qarabağ" ordeni, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı,  29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   25.01.2021-ci ildə Nağıyev Anar Sahib oğlunun Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qız övladı dünyaya gəlib. 
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova doğum evində şəhidin həyat yoldaşı Nəzərova Gülnarı və Şəhidin yeni doğulmuş övladını – Anarəni ziyarət etmiş, Qaradağ İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun salamlarını çatdırmışdır.
   O, Anar Nağıyevin vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi rəşadətlərdən qürur duyduğunu, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiyini bildirmişdir.
   Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq. Ölkəmizdə şəhid ailələrinin, qazilərimizin problemləri daim diqqət mərkəzindədir. Bu qayğı dövlətin daxili siyasətində bir prioritetdir.
   Qaradağ rayonunda şəhid ailələrinə və Vərən müharibəsi iştirakçılarına qayğı daim davam edir.
   Sonda İcra hakimiyyəti tərəfindən yeni doğulmuş körpəyə hədiyyələr təqdim edildi.

Keçidlər