Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi....

20 yanvar 2021 | 11:00


   20 Yanvar hadisələri və onunla bağlı proseslərə, azadlıq yolunun şəhidlərinə, fəal mübarizlərinə münasibət elə bir milli sınaq meyarıdır ki, onu xalqımız əbədi yaşatmağa borcludur.
   31 il bundan əvvəl o müdhiş gecədə Azərbaycan xalqı imperiyanın amansız ordusu ilə üz-üzə gəldi, öz mübarizliyini, azadlıq duyğularını bir daha təsdiq etdi. Xalq o günlərin, dəhşətli hadisələrinin şahididir. Azərbaycan xalqı necə də bütövləşmişdi, uzun illər əsarətində olduğu imperiyaya meydan oxuyurdu. Bəli, bizə insanlıqdan, humanizmdən, beynəlmiləlçilikdən dərs deyənlər, dəstə-dəstə üstümüzə gəlmişdi. O günlər xalqımızın sınaq anları idi və bu sınaqdan böyük qəhrəmanlıqla çıxdı.
   O vaxt ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, imperiya cəlladlarını, M.Qorbaçovun əməllərini ifşa etdi. Öz xalqı ilə həmrəy olduğunu bildirdi.
   Ulu öndərin həmin bəyanatı Azərbaycan xalqına güc verdi, onu azadlıq uğrunda mübarizəyə səfərbər etdi. Biz o gecə şəhidlər verdik, qəhrəman oğul və qızlarımızı itirdik. Xalqımız bu faciənin ağrılarına dözdü.
   Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, “ən ağır sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
   Bu gün bu qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanı Azərbaycan xalqının əsl ziyarətgahına çevrilmişdir. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır.
   Bu il artıq 31-ci ildir ki, biz 20 Yanvar hadisələrini xüsusi tədbirlərimizlə xatırlayırıq. Gənc nəslə bu böyük faciənin tarixi əhəmiyyəti ilə bağlı ətraflı məlumat veririk.
   Azərbaycan artıq müstəqil dövlətdir və bu azadlığın qazanılması 20 Yanvar faciəsindən keçmişdir.
   Tarix bu qəhrəmanları heç vaxt unutmayacaq, bizim də çalışdığımız odur ki yeniyetmələr, gənclər bu cür qəhrəmanlıq ruhunda tərbiyə olunsunlar.

Akşin Hüseynov,
Qarabağ Qazisi,
"Qarabağ" Döyüş Növləri Klubunun prezidenti

Keçidlər