dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 17 ili tamam olur
Bu gün - dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 17 ili tamam olur. Ölkəmizin və xalqımızın həyatında unudulmaz və əvəzsiz xidmətləri ilə seçilən Ümummilli Liderin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı bir sıra mühüm və vacib məqamlara toxunmaq istərdim.
Heydər Əlirza oğlu Əliyev ömrü boyu mənalı və ibrətamiz bir həyat yaşayaraq fəaliyyət göstərmiş, müdrik və uzaqgörən siyasəti, liderlik keyfiyyəti və xüsusi rəhbərlik bacarığı ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəlmiş, görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.
Vətənə, xalqa və dövlətə bağlılığı ilə seçilən siyasi xadim olaraq bütün həyatı boyu Azərbaycana ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində böyük uğurlar qazanmışdır.
Müstəqilliyimizin ilkin illərində - 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı və məhvolma təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun yekdil səsi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq xalqımızın yeganə xilaskarı olmuşdur.
Ulu öndərin müstqil respublikamıza rəhbərliyi sayəsində ölkəmizdə milli həmrəylik təmin edilmiş, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilməsinin təməli qoyulmuşdur. Məhz bu səbəbdən də Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan dirçəliş məhz Ulu öndərin adı ilə bağlıdır.
Muasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev həyatını canından çox sevdiyi xalqının xöşbəxt və əminamanlıqla yaşamasına və Azərbaycanın daim inkişaf etməsinə həsr etmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün bütün bu misilsiz xidmətlərlə yanaşı 3 böyük nemət də bəxş etmişdir. Birincisi, Müstəqil Azərbaycan dövlətidir. Çünki Ulu Öndərimiz 1993-cü ildə hakimiyyətə gəldiyi dövrdən sonra Azərbaycan öz əsl müstəqilliyini əldə etdi və möhkəm təməllər üzərində dayanan müstəqil Azərbaycan formalaşdı. İkincisi, Yeni Azərbaycan Partiyasıdır. Belə ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyi, qanunçuluğu, xalqın mənafeyini hər şeydən üstün tutan və Ulu Öndərimizin zəkasına söykənən bir partiyadır. Azərbaycan xalqının arzu və istəklərini ifadə edən, xalqının daim yüksək etimadını qazanan bir siyasi təşkilat kimi bu gün də parlamentdə iqtidar partiyası olaraq fəaliyyət göstərir.
Digər ən böyük nemətlərdən ən önəmlisi isə İlham Əliyev şəxsiyyətidir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqına xitabən demişdir: Mən özüm qədər İlham Əliyevə inanıram. İnanıram ki, mənim başa çatdıra bilmədiyim işləri, arzuları, istəkləri o həyata keçirdəcək. Həqiqətən də tarix də, zaman da göstərdi ki, Ulu Öndərimiz Heydər Əliyev məhz İlham Əliyevi Azərbaycan xalqına təqdim edərək bu gün əldə olunan nailiyyətləri görürdü. Ulu Öndərimizin bütün arzularını, istəklərini həyata keçirtmək istədiyi strategiyanı Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev çox böyük uğurla həyata keçirir. Müstəqil Azərbaycan respublikasının əldə etdiyi bugünkü nailiyyətlər çox yüksək dərəcədədir. Azərbaycan iqtisadiyyatı dünyada inkişaf templərinə görə 25-ci yerdədir. Beləliklə, Azərbaycanın dünya birliyində iqtisadi qüdrəti və siyasi nüfuzu getdikcə daha da artır.
Bu gün xalqımızın ən böyük arzusu və istəyi də artıq reallaşdı. Prezident İlham Əliyevin qətiyyəti, ardıcıl və prinsipal siyasəti, xalqa bağlılığı və yüksək idaretmə bacarığı nəticəsində xalqımız tarixi qələbsini qazandı. 30 il ərzində erməni işğalında olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Özü də bu qələbə təkcə torpaq, ərazi bərpası deyil, bu bizim milli qeyrətimiz, milli şərəfimiz, milli qürurumuzun qələbəsidir. Bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız Cənab İlham Heydər oğlu Əliyevə eşq olsun.
Ulu Öndər ruhun şad olsun, biz bu gün tarixi torpaqlarımıza - Qarabağımıza qovuşduq! Mədəniyyət ocağımız olan Şuşamıza qovuşduq!
Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Ruhun şad olsun dahi şəxsiyyət!
Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinun Fond Müdiri,
YAP Qaradağ rayon təşkilatının üzvü