Ağdam bizimdir, Qarabağ Azərbaycandır!
Qoca Şərqin qapısı Odlar Yurdu Azərbaycan bu günlərdə tarixinin ən şanlı səhifələrini yazır. Hər bir qalib ordunu irəli aparan onun bayraqdarı, öndəridir. Azərbaycan Ordusuna öndərlik edib onu zəfərdən zəfərə aparan yüzilliyin sərkərdəsi Ali Baş Komandanımız Cənab İlham Əliyev olmuşdur. O hər bir qələbə xəbərini böyük qürur və sevinc hissi ilə özü şəxsən xalqına elan etmişdir. Onun diplomatik səyləri, siyasi bacarığı və ordumuzun rəşadəti sayəsində 30 illik həsrətə 44 gündə son qoyuldu.
10.11.2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putin arasında bütü dünyanın gözü qarşısında Azərbaycanın qələbəsinin sübutu olan “Üçtərəfli bəyanat” imzalandı. Bu bəyanatın əsas şərtlərindən biri də 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Ağdam rayonunun 20.11.2020-ci il tarixinədək Azərbaycan Ordusuna təhvil verilməsi idi.
Bu xalqımızın Zəfər tarixinə əbədi həkk olunan və bir nəfər belə şəhid vermədən çalınan şanlı qələbəsidir. Əsası 1930-cü ildə qoyulmuş Ağdam rayonu əhalisinin sayına görə işğal olunmuş rayonların arasında ən böyük rayondur. Ağdamda işğaldan əvvəl 143 min nəfər yaşayırdısa, bugün onların sayı 204 minə çatmışdır. Mənfur düşmənlərlə mübarizədə Ağdamlılar həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində qəhrəmanlıqla vuruşmuşlar. Birinci Qarabağ müharibəsində ən çox şəhid verən Ağdam royunu Azərbaycanın iqtisadi, mədəni, elmi inkişafında əhəmiyyətli rolu malik olmuşdur. Rayonun ərazisinin 1700 hektarı meşəlik, 913 hektarı kənd təsərrüfatına aid bərəkətli torpaqlara sahibdir. Onun elmimizə, mədəniyyətimizə bəxş etdiyi incilər arasında Süleyman Sani Axundov, Sara Qədimova, kimi şəxsiyyətlərin adlarını qeyd edə bilərik. Ağdamı dünyaya “Ruhlar şəhəri” kimi tanıdan Qarabağ Futbol Klubu da məhz Ağdam rayonunun layiqli təmsilçisidir. Bütün dünyada məşhur olan Qarabağ atları da Ağdam Atçılıq Mərkəzində yetişdirilirdi.
Təkcə Azərbaycana deyil, dünya mədəni irsinə qarşı vəhşilik etmiş erməni qəsbkarları 2010-cu ilin noyabr ayında Ağdam rayonunun adını dəyişib “Akna” qoymuşlar. Baxdıqca gözəlliyi ilə göz oxşayan Ağdamda bugün gözlə görünə biləcək bir yaşayış binası da salamat qalmamışdır, bütün tarixi, mədəni, yaşayış əhəmiyyətli binalar talan edilib, dağıdılıb, yerlə-yeksan edilmişdir. Bu da onların insani keyfiyyətlərdən nə qədər uzaq olduğunun, vandallığının göstəricisidir.
Bütün bunlara baxmayaraq, ölkə rəhbəri Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsindən cəmi bir neçə gün sonra oraya səfər etmiş və erməni cəlladlarının törətdiyi caniliyi gözlərini həqiqətə yummuş dünyanın gözü önünə sərmişdir. Onun Ağdam Cümə məscidində xalqına etdiyi müraciəti zamanı dediyi fikirlər xalqımızın tezliklə Ağdama və bütünlükdə Qarabağa qayıdacağını aşkar sübutudur. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, “Biz bu torpaqları, şəhərləri, kəndləri bərpa edəcəyik, dövlətimiz daim xalqımızın yanındadır”. Necə ki, Ağdamın bir hissəsi olan Quzanlı qəsəbəsi, Cəbrayılın Cocuqmərcanlı kəndi qısa müddət ərzində yenidən quruldu.
Bizim gücümüz birliyimizdədir. Qələbə ən çox bu məğrur xalqa yaraşır. Bizə bu qələbəni bəxş edən Ali Baş Kamondan Cənab İlham Əliyevə və Şanlı Azərbaycan Ordusuna eşq olsun!
Yaşasın Azərbaycan! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!
Poladova Vəfa
180 saylı orta məktəbin müəllimi