Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev: "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq"

20 noyabr 2020 | 11:00

   Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 28 il ötür
   YAP Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümümxalq partiyasıdır.
    28  il öncə Azərbaycanda yaranmış ağır vəziyyət yeni bir siyasi təşkilatın, YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi.
   Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
   Məlumdur ki, Yeni Azərbaycan Partiyasının simvolu-dəfnə ağacı  və onun mərkəzində səkkiz guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Bayrağın üzərində partiyanın simvolu əks olunub. Partiyanın simvolu olaraq dəfnə ağacının simvol kimi seçilməsi də təsadüfi deyil. Çünki dəfnə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir.
   Simvol ümumi müzakirə nəticəsində hazırlanmışdır. Onun konkret müəllifi isə YAP-ın yaradıcılarıdır. YAP-ın bayrağı ağ rəngdədir. Ağ isə Sülh, əmin-amanlıq rəmzidir.
   1992-ci il, noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və qısa müddətdə bütün rayonlarda təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul edilən  Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrında keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən iqtisadi və sosial cəhətdən güclü Azərbaycan uğrunda mübarizə aparır.
    Məşhur 91-lər...
   Azərbaycanda 1992-ci ildə hökm sürən ağır vəziyyət nəticəsində ölkə siyasi və iqtisadi böhran keçirirdi.
   Həmin dövrdə Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən ziyalıları bu çətin durumdan çıxmağın yeganə yolunu Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi, ictimai-siyasi hərəkatı düzgün istiqamətə yönəltməsi üçün bir siyasi təşkilata ehtiyac duyulurdu.
   Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. 1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müstəqil Azərbaycan dövlətinin qurucusu,Ulu Öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu.
   Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərini ifadə edirdi. Xalqımızın dahi oğlu Heydər Əliyev xalqın müraciətini qəbul edərək Naxçıvanda partiyanı təsis etdi.
   Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
   Bu partiya çox böyük tarixi yol keçib. Müstəqil Azərbaycanın inkişafı, sosial-iqtisadi və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın əvəzedilməz tarixi xidməti var. YAP Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən sağ mərkəzyönlü siyasi partiyadır. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 75 yer tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.
   Ulu Öndərimiz Heydər Əliyevin adı hər  zaman müstəqil Azərbaycanla birgə çəkilir. Öz xalqına arxalanan, öz xalqının müstəqilliyi uğrunda canını belə fəda etməyə hazır olan Ümummilli Liderimiz Azərbaycan adlı dövlətin müstəqillik tarixinin yaradıcısı kimi xalqın etimadını doğrultdu. Xalqımızı da, dövlətimizi də nicat yoluna çıxardı. Tarix üçün çox qısa bir dönəmdə dövlətimizin müstəqilliyini əbədi etdi. Həyata keçirdiyi siyasət və genişmiqyaslı fəaliyyət öz bəhrəsini verdi. İctimai-siyasi, iqtisadi, mənəvi sahədəki tənəzzülün qarşısı alındı, inkişaf və tərəqqi başlandı. Respublikamız müstəqil bir dövlət kimi dünya birliyi ölkələri sırasında öz yerini tutdu. Beynəlxalq birlik Azərbaycanın güclü mövqeyi ilə hesablaşmağa başladı. Dünya azərbaycanlıları bir bayraq altında təşkilatlandı.
   Bu tarixi qərar Azərbaycanın təməlli inkişafının əsasını qoymuş oldu.
   Bu gün  Yeni Azərbaycan Partiyası etibarlı əllərdədir.
   Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir.
   1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi.
   26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi.
   Beləliklə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir.
   Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İham Əliyevin son 17 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir. Əlbəttə ki, bütün bunlar məhz YAP-ın siyasi baxışlarının məntiqi nəticəsidir. Çünki qazanılan hər bir uğurda 28 illik keşməkeşli yol keçmiş YAP-ın siyasəti dövlət siyasəti olaraq, Prezident İlham Əliyevin müdrik və mütərəqqi siyasəti olaraq qiymətləndirilməkdədir.
   İqtisadi və siyasi islahatların vəhdəti  fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir.
    "Yeni Azərbsycan Partiyası bu günün, sabahın və gələcəyin partiyasıdır"
   Ümummilli Liderimizin bu sözləri indi hər addımda özünü təsdiq edir. Bu gün Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.
   Son günlər xalqımızın yaşadığı şərəfli, qürurlu tarixi hadisələri xüsusilə qeyd etmək lazımdır. Bütün bunlar, Böyük Qələbənin təmin edilməsinə gedən yollar, həm də illərdən bəri Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə xalqımızın rifahı naminə aparılan düzgün, məntiqli siyasi proseslərin nəticəsidir.
   Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun məntiqi nəticəsi olaraq, bu gün doğma xalqımızın nəhayət ki, böyük arzusu  gerçəkləşdi, müqəddəs Qarabağ torpaqlarının öz sahibinə qaytarıldığı Böyük Sevinc hissini yaşadıq.
  Ötən 28 ildən bəri Qarabağ savaşında qazanılan böyük qələbə ölkə rəhbərimizə, Ali Baş Komandanımıza, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə böyük sevgini, inamı birə beş artırmışdır. Xalqına güvənən böyük Azərbaycan oğlunun siyasətdə və diplomatik arenada qazandığı qələbələr xalqın ona, onun da xalqa arxalanmasında  əminliyi və bundan sonrakı addımlarında daha da güvənilməsinə əsas verir.
   Son olaraq, onu da qeyd etmək istərdik ki, 28 ildir qət edilən bu şərəf və qürurlu yol müasir, müstəqil Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru uğurla, inamla addımlayır.
   Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevlə başlanan bu yol daha xoşbəxt sabaha özü demiş, günəş kimi işıq saçacaq. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.
    Və nə qədər müstəqil Azərbaycanımız yaşayır, Azərbaycanla dahi Heydər Əliyevin adı da qoşa çəkiləcək.
   Müstəqil Azərbaycan dövlətinin banisi, bu dövləti inkişaf və tərəqqi yoluna çıxaran bir tarixi şəxsiyyət kimi, tarixin özünü yaradan bir insan kimi gələcək nəsillər də daim onunla fəxr edəcək, milli qürurumuz olaraq daim qəlbimizdə yaşayacaqdır.

 

Nurlanə Əliyeva,
YAP Qaradağ rayon təşkilatı Siyasi Şurasının üzvü,
Qadınlar Şurasının sədr müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Keçidlər