Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə Qaradağ rayonunda onlayn konfrans keçirilib

20 noyabr 2020 | 11:00

    Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 28-ci ildönümü münasibətilə Qaradağ rayonunda onlayn konfrans keçirilib.
   Onlayn konfransı giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb.
   Bildirdi ki, xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən noyabrın 21-i əlamətdar bir gündür. 1992-ci ilin bu günü YAP-ın yaranması tarixi zərurət idi. Çünki müstəqil respublikamızın ilkin illərində ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütliyünün səriştəsiz rəhbərliyi nəticəsində Azərbaycan parçalanaraq bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər ziyalısı ulu öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu öndər Heydər Əliyevin bu müraciətə cavabı, əslində, proqram xarakterli bir sənəd və inkişafımızın strategiyası idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi.
   Aydın Hüseynov qeyd etdi ki, ulu öndər Heydər Əliyev xalqımızın yekdil çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir dövrə qədəm qoydu, parçalanmaq, vətəndaş müharibəsindən və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Ölkədə daxili ictimai-siyasi sabitlik yarandı,qanunun aliliyi qorundu və yeni bir inkişaf dövrünə qədəm qoyuldu.
    Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev qətiyyətli rəhbərliyi ilə ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var. 
   Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk öncə konfrans iştirakçılarını 44 günlük vətən müharibəsinin Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnməsi münasibəti ilə təbrik etdi. Vətən uğrunda şəhid olmuş əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və bu bəyanat Ermənistanın kapitulyasiya aktıdır.  Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.  Əldə olunmuş bütün uğurlar Ulu Öndərin rəhbərliyi altında hazırlanmış düzgün strategiya, Ümummilli Liderin layiqli davamçısı, Zati Aliləri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurlu diplomatiyasının və titanik əməyinin nəticəsidir.
   Süleyman Mikayılov Ulu Öndərin sözlərini xatırlayaraq bildir ki, bu gün Azərbaycan bütün dünyaya “günəş kimi doğdu”. Bu gün beynəlxalq aləmə göstərildi ki, həm diplomatik danışıqlarda, həm hərb meydanında Azərbaycan öz sözünü deyən ölkədir. 30 illik danışıqlar nəticəsində işğal etdiyi torpaqları boşaltmayan Ermənistan hərb meydanında uduzdu.
   Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir və birmənalı şəkildə hamıya bəllidir ki, Azərbaycanda əldə olunan inkişaf, tərəqqi iqtidarda olan YAP-ın fəaliyyətinin nəticəsidir. YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Ölkə başçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi addımlar atmışdır. Yeni Azərbaycan Partiyasının 28 illik fəaliyyəti dövründə ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasını şərtləndirən əsas amillərdən biri məhz ona olan inam, həyata keçirdiyi siyasətə dəstəkdir.
   Daha sonra YAP Qaradağ RT Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə, YAP Qaradağ RT Gənclər Birliyinin sədr müavini Könül Əhmədova, YAP Qaradağ rayon təşkilatının fəal üzvü Ramiz Hüseynov, YAP Qaradağ RT Şura üzvü Elnur Bağırov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan geniş danışıblar. Çıxış edən natiqlər daha sonra YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edərək, YAP-ın 28 illik fəaliyyəti dövründə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlər göstərdiyini, partiyamızın xalqımızın böyük dəstəyi ilə daim inkişaf etdiyini və gələcəyə doğru inamlı addımlarla irəlilədiyini vurğulayıblar.

Keçidlər