Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin işğaldan azad olunması

11 noyabr 2020 | 11:00

  Şuşa şəhərinin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verdi. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir.
   Döyüşlərin məhz bu şəhər uğrunda getməsi barədə məlumatlar yayılmışdır. Le Monde nəşri Şuşa uğrunda döyüşlərdə "erməni qüvvələrinin darmadağın olduğunu, yenidən döyüşə qayıdıb-qayıtmayacaqlarını bilmədiklərini və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını" yazıb.
   Şəhər 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.
   Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb.
   19-cu əsrin əvvəllərində rus-fars müharibəsi nəticəsində digər xanlıqlarla yanaşı, Rusiya İmperiyasına birləşdirilən Qarabağ xanlığının əsas mədəni-iqtisadi mərkəzi və paytaxtı olub. Şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Ermənicə "Şuşi" adlandırılan şəhər buranın azsaylı erməni əhalisi üçün də önəmli yerə malik olub. Ermənilər bura 1828-1830-cu illərdə Rus imperiyası dövründə köçürülüb.
   Təhlilçilərə görə, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyü verəcək.

   "Şuşanın alınması həm də qələbə kimi qəbul edilir"

   Siyasi təhlilçi Fuad Şahbazovun sözlərinə görə, Şuşanın işğaldan azad edilməsi "istər-istəməz cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul edilir".
   O bunun erməni əsgərləri üçün ciddi demoralizasiyaya yol açdığını deyir. Strateji baxımdan isə cənab Şahbazov deyir ki, Şuşanın alınması cənub cəbhəsi istiqamətindən Xankəndini də təhlükə altına saldı. "Şuşa bir növ Xankəndinə gedən yolda bufer zona idi. Bufer zonanın itirilməsi Xankəndinin də ermənilərin əlindən alınması deməkdir,"- o deyir.
   Şuşanın işğaldan azad edilməsinin Qarabağ üzrə danışıq prosesinə təsir edəcəyilə bağlı danışan Fuad Şahbazov Ermənistanın danışığa razı olmadığını bilirdi. "Dağlıq Qarabağ separatçı rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, onlar kapitulyasiya etməyə hazır deyildilər, həm mənəvi, həm psixoloji olaraq. Ona görə də düşünürəm ki, Şuşadan sonra vəziyyətləri nə qədər gərgin olsa da, onlar bir müddət də müqavimət göstərməyə davam etdilər,"- təhlilçi deyir.
   Şimal cəbhəsində Ağdərə Azərbaycanın tam nəzarətinə keçəndən sonra, qarşı tərəf müqavimət etməyə dayandı. Baxmayaraq ki, Şuşanın itirilməsi onlara böyük zərbə vurdu, amma bu müharibədə əsas açar, müharibənin taleyini həll edən əsas məsələ Ağdərənin Azərbaycanın nəzarətinə keçməsi oldu. Ağdərə birinci Qarabağ müharibəsində ən strateji hədəflərdən biri olduğu kimi, hazırkı müharibənin son mərhələsinin taleyini də buranın hansı tərəfin nəzarətinə keçməsi həll etdi.
   Azərbaycan Müdafiə Nazirliyi döyüşlərin getdiyi ərazilərdən bəhs edərkən, Ağdərənin də adını çəkir və burda Ermənistan silahlı bölmələrinə zərbələr endirdiyini bildirir.

   "Danışıqlarda Azərbaycanın mövqeyini gücləndirdi"

   Azərbaycanın Şuşanın geri qaytarması hərbi balansı dəyişdirəcəyi kimi, münaqişənin həlli üçün təklif edilən baza prinsipləri üzrə danışıqlara da öz təsirini göstərdi. Çünki bununla ən azı bəzi müddəalardan birinin prinsiplərinə yenidən baxılması tələb olundu.
   Şuşanın işğaldan azad edilməsi məcburi köçkünlərin bu şəhərə qayıtması baxımından Azərbaycanın mövqeyini gücləndirdi. Eyni zamanda həll üçün son razılaşmada Azərbaycan cəmiyyətinin hüquqları ilə bağlı öz şərtlərini diktə etmək baxımdan statusunu yüksəldə bildi.

 

Həsənova Sevinc,
Neftçi Qurban adına 288№-li tam
orta məktəbin müəllimi 

Keçidlər