Şriftin ölçüsü :

Saytın rəngi :

ŞUŞA BAŞIMIN TACIDIR

09 noyabr 2020 | 11:00

   Bu yazını bu ilin mayında yazmışdım. Şükürlər olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu intizara son qoyuldu və artıq mahnı, muğam, mədəniyyət beşiyi, Şərqin Konservatoriyası olan ŞUŞA bizimlədir.

Başını dik tut, ŞUŞA!
Sənin başın çox qovğalardan keçib.
Çox üzülmüsən, ağrımısan.
Çox şükür, qəhrəman oğullarımızın, rəşadətli ordumuzun sayəsində o günlərə son qoyuldu.
8 may nisgili 8 noyabr sevinci, 8 noyabr qələbəsi ilə əvəz olundu.
Sən artıq azadsan!
Sən artıq bizimləsən!
Yaşa, ŞUŞAM, yaşa!!!

   ƏYMƏ SƏN BAŞINI, BAŞIMIN TACI...

Mən Qarabağlı deyiləm. Amma Qarabağı,  xüsusən Şuşanı qarabağlılar qədər  sevirəm.
Şuşa deyəndə elə bil dilim ağzımda yanır. Bir içim suya möhtac kimi...
Mən özümü həm də bir şuşalı hesab edirəm.
Şuşa deyəndə bir də Anamı xatırlaylram. İlahi, o Şuşanı nə qədər çox sevirdi!...
Anam 80-ci illərdə Şuşada kurortda olmuşdu. Bir ay oranın səfalı yerlərini, gözəl insanlarını görmüşdü. Nə görmüşdüsə, nə eşitmişdisə, bilmirəm, elə o torpaq, onun havası, həkimlərinin şəfalı əlləri o illərdə Anamı yenidən həyata qaytarmışdı...
Ömrünün sonunadək (o, ötən ilin avqustunda dünyasını dəyişdi. Kaş ki, bu günləri görəydi!) gözəl Şuşa, onun adamları, axşamüstü hər evdən gələn musiqi sədalarını, muğam səslərini, xatirələrini danışmaqdan doymazdı.
Onda orta məktəbdə oxuyurdum. Deyirdim Bakıya gedərəm, ali məktəbə daxil olaram, tələbə yoldaşlarımla, ya ailə qurduğum insanla (əslində, o Şuşanı məndən də çox sevir, əslən Qarabağlıdır) gedib gözəl Şuşanı gəzərik...
Ürək sözlərim lap çoxdur. Amma hər söz, xatirə, arzu içimi iynə kimi sancır...
Böyük Allahım, tezliklə bizlərə o yerləri görməyi nəsib et! Amin!
(8 may 2020)

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.

Gözündən qan yaşlar tökdü torpağım,
Köksünə dəymişdi düşmən ayağı.
Natəvan dözmürdü daşların altda,
Dünyaya düşmüşdü onun harayı.

Xan baba, Seyid də nalə çəkirdi,
Güllələr torpağı dəlib deşirdi.
Çöldə tənha qalan Xarı bülbülü,
Düşmən ayaqlayıb basıb keçirdi.

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa.

Əymə sən başını, başımın tacı,
Nəhayət, tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.

Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!
                         (Səməd Vurğun)

  Son söz yerinə:
..."İntiqam hissiylə coşurdu Şuşa"...
Artıq qaralmış Günəşin üzü açıldı.
Bağlı qapıların açıldı, Şuşa!
Sən artıq azadsan!
Sən artıq bizimləsən!
Rəşadətli, müzəffər ordumuz o intiqamı aldı.
İgid-igid oğullarımlzın canı-qanı hesabına alındı bu torpaqlar!
O ağır savaşda canından keçən Azərbaycan əsgəri! Ruhun şad olsun!
O torpağa doyan qədəmlərinizə qurban, Azərbaycan əsgəri!
Əlində bayraq, sinəsini düşmən gülləsinə sipər edən Azərbaycan əsgəri!
Şuşaya qələbə bayrağı sancan əllərinizə qurban!
Bizə bu sevinci yaşadan, bu şərəfi, bu qələbəni bəxş edən igidlərimizi qoru, hifz eylə, böyük Allahım!
Millətimizi, dövlətimizi daim müzəffər eylə!
Sən artıq bizimləsən!
Yaşa, ŞUŞAM, yaşa!!!

"Xoşbəxt adamam ki, ata  vəsiyyətini yerinə yetirdim"

Düşüncələrimi möhtərəm Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyevin sözləri ilə birirmək istəyirəm.
İLHAM ƏLİYEV:  "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik!
Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları! ...
Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

 

 

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Keçidlər