Şriftin ölçüsü :

Saytın rəngi :

BAYRAĞINA CANIM QURBAN, AZƏRBAYCAN!

09 noyabr 2020 | 11:00

   BAYRAĞINA CANIM QURBAN, AZƏRBAYCAN!
   Həmişə ucalarda ol!
   Həmişə dalğalan, Azərbaycan  bayrağı!

   9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Bayramınız mübarək!

   2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
    Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

   Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.
   1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
    Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
    Azərbaycanln Xalq şauri Nəriman Həsənzadənin bu şeiri bu günümüzə necə də yaraşır!

Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Keçidlər