Müzəffər Azərbaycan Ordusu
“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” Möhtərəm Prezidentimiz İlham Əliyev söylədiyi bu sözlərlə güclü ordu ilə güclü dövlətin vəhdət təşkil etdiyini diqqətə çatdırır. Çünki müstəqil dövlətin nüfuzu təkcə onun iqtisadi, siyasi və elmi potensialı ilə deyil, eyni zamanda malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.
Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, dünya miqyasında güclü ordular sırasındadır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənərək döyüş qabiliyyətini artırmışdır. Hərbi qüdrətini, ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənmiş, ordumuz ən müasir silahlarla təchiz olunmuşdur. Dünyanın ən güclü orduları ilə bir cərgədə özünə layiqli yer tutan Azərbaycan Ordusu hazırda bütün dünyanın diqqət mərkəzindədir.
Düşmənə həmişə yerini göstərən Azərbaycan Ordusu bu gün yenə haqq savaşında, döyüş meydanındadır. Məqsəd uzun illərdən bəri Azərbaycanın işğalda olan Qarabağ bölgəsini və digər ərazilərini erməni işğalından azad etməkdir. Hazırda güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını şərəflə yerinə yetirir və böyük ruh yüksəkliyi ilə düşmən üzərində öz qələbəsini bütün dünyaya nümayiş etdirir.
Dövlətimizin dayağı, xalqın güvənc yeri olan Ordumuz hər gün yeni zəfərlərlə sevindirir hər birimizi. Döyüş meydanında xalqını, vətənini, torpağını böyük məhəbbətlə sevən igid, qəhrəman oğullarımız mərdliklə döyüşərək, mənfur, qorxaq düşmənin canına vəlvələ salmışdır.
Artıq bir neçə gündür ki, Ordumuzun qəhrəman oğulları bir- birinin ardınca neçə-neçə rayonlarımızı, kəndlərimizi işğaldan azad etmişlər. Artıq vətənimizin bu müqəddəs torpaqlarında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Doğrudur, bu haqq yolunda, haqq savaşında öz canını qurban vermiş şəhidlərimiz də az deyil. Amma onlar bilərəkdən bu yolu gediblər, bu yolu bilərəkdən seçiblər. Bilərəkdən öz şəhid qanları ilə bu torpaqları suvarıb bir daha müqəddəsləşdiriblər, vətən sevgisini öz şirin canlarından üstün tutublar.
Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır. Bu gün erməni işğalçıları və onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipinə söykənən dövlətçilik ənənələrimiz əsasında, həmçinin mənəvi-insani dəyərlərimizə uyğun olaraq həyata keçirilir.
Hazırda müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan Ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçıları öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla qisas almağa çalışır. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın qəhrəman ordusu təkcə Qarabağı işğaldan azad etmir, həmçinin Azərbaycan tarixinin yeni bir mərəhələsini yaradır.
İgid əsgərlərimizin mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaq. Bunun əksi olaraq, erməni hərb tarixinin səhifələrində erməni əsgərlərinin azərbaycanlı mülki şəxslərin qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaq. Erməni hərbi birləşmələrinin bu vəhşiliklərinə baxmayaraq, Azərbaycanın şanlı ordusu işğal olunmuş ərazilərini ardıcıl olaraq azad edərək, zəfər yürüşünü davam etdirir. Zəfər yürüşün mübarək olsun, Azərbaycan!
Yaşa, var ol, şanlı ordumuz! İnanırıq ki, vətənimizin hər qarış torpağı tezliklə düşmən işğalından azad ediləcək, tezliklə qələbə gününü, qələbə bayramını qeyd edəcəyik. Biz bunu bütün varlığımızla hiss edir və səbrsizliklə gözləyirik.
Hüseynova Pəri
Neftçi Qurban adına 288 nömrəli tam
orta məktəbin ibtidai sinif müəllimi