AZAD ŞUŞA
Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Bu şəhərdə yerləşən yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb, məhv edilib. Bu qədim və müqəddəs torpaq artıq üçüncü onillikdir erməni işğalçılarının tapdağı altında idi. Mədəni-maarif ocaqları, muzeylər, kitabxanalar, məktəblər, tibb ocaqları, tarixi abidələr – bütün bunlar erməni vandalları tərəfindən yerlə-yeksan edilib.
XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılıb, Şərq memarlığının incisi və Şuşanın rəmzi sayılan Gövhərağa məscidi viran qoyulub, Şuşa əsilli böyük Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri dağıdılıb. Şuşanı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırdılar. Onun hər parçası, hər daşı bir tarix idi. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyurdu. Bu tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir. O, 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.
Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandırırlar. Deyilənə görə, şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə", sonra “Şuşa” adlandırıblar. Digər bir versiyaya görə, şəhərin adı “şüşə” sözündən əmələ gəlib. Şuşa bulaqlarının suyu elə duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər. Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda məşhur olub. Şuşa dağlarında elə bir çiçək bitir ki, o çiçəyə daha heç bir yerdə təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Turşsu, Səkili, İsa, Şamil bulaqları, Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub.
Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa bu gün erməni işğalçılarından azad olundu.
Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Uşaq səslərinin cingiltisi və Qarabağ şikəstəsinin sədaları ətrafa yayılacaq.
Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir. Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik.
Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi!
Gözün aydın Azərbaycan!
Yaşa, yaşa Müzəffər Ali Baş Komandan!
Eşq olsun şanlı Azərbaycan Ordusuna!
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Xəlilova Asiman Xəlil qızı
110 saylı məktəbin laborantı