Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları

05 noyabr 2020 | 11:00

   27 ildir Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonu erməni işğalı altındadır. Bu Azərbaycan ərazisinin 20%-dir. 1 mln-a yaxın vətəndaşımız məcburi köçkün 27 ildən artıqdır öz evlərindən ayrı, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışlar.
   Son dövrlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də hücuma keçmiş, artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur.
   2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında itkilərimiz olmuşdur. Nəticədə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.
  Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və işğala son qoyulmalıdır.
   BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində qeyd edilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalmışdır. Bu müddət ərzində, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salır.
   Azərbaycanın rayonlarının, kəndlərinin, digər toponimlərin adları dəyişdirilmişdir. İşğal rayonlarında Azərbaycanlıların tarixi irsi silinir, tarixi abidələr və məscidləri dağıdılır, təhqir edilir.
   Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət ailələr kütləvi şəkildə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilmişdir. Bu, hərbi cinayət olmaqla Cenevrə Konvensiyasına tamamilə ziddir.
    Ermənistanın rəhbərliyi münaqişənin baş verdiyi yerdən kənarda yerləşən Bərdə, Gəncə, Mingəçevir və dinc əhalinin məskunlaşdığı əraziləri gecə saatlarında raket atəşinə məruz qoymaqla növbəti hərbi cinayət törətmişdir. Bu atəş nəticəsində 90 şəxs həlak olmuş, 392 şəxs yaralanmış, eləcə də 2406 yaşayış evi və 423 mülki obyekt yararsız vəziyyətə düşmüşdür.
    Azərbaycan xalqı Ermənistan hakimiyyətini işğala son qoymağa çağırır və tarixən olduğu kimi hazırda da erməni xalqının Dağlıq Qarabağda yaşamasına etiraz etmir. Həmçinin Ermənistan hazırkı müharibəni dünya ictimaiyyətinə etnik və dini müharibə kimi təqdim etməsi Azərbaycan xalqı tərəfindən qəti şəkildə pislənilir.

Keçidlər