18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Əvvəl Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1991-ci ildə ölkənin daxilində və xaricində vəziyyətin acınacaqlı durumundan danışdı. Qeyd etdi ki, o zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız Ümummilli Lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu Öndəri ölkənin Prezidenti seçmişdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu. Bununla da Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycanda demokratik dövlət yaradıldı.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə ordumuz torpaqlarımızı işğaldan azad etdi, Zəfər əldə olundu. 19 sentyabr 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov öz çıxışında tarixi keçmişdə Azərbaycanın başına gələn müsibətlərdən, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əldə olunan nailiyyətlərdən və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs etdi.
Daha sonra çıxış edən natiqlər - Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev müstəqilliyimizin bərpasından sonra xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığından bəhs etdilər. Bildirdilər ki, Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq müstəqil Azərbaycanı möhkəm təməllər üzərində yeni inkişaf yoluna qoydu. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!