Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Azərbaycan ordusu

05 noyabr 2020 | 11:00

    Azərbaycan ordusunun şərtsiz üstünlüyü. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
    Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri,qürur mənbəyidir.  Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları və ədalətli mövqeyinə beynəlxalq dəstək yeni imkanlar yaradır və Azərbaycanın diplomatik səylərini möhkəmləndirir.
    Milli həmrəylik, yüksək vətənpərvərlik dövlətimizin əzmini daha da artırır. Vətənini sevən, onu qoruyan şəxs vətənpərvər sayılır. Bizim xalqımızda vətənpərvərlik hissləri həmişə güclü olmuşdur. Harada anadan olmasından asılı olmayaraq, hansı azərbaycanlıdan soruşulsa ki, sənin Vətənin haradır, dərhal fəxr və vüqarla deyəcəkdir: “Azərbaycan”. Təcrübə göstərir ki, öz millətini sevməyən insan vətənpərvər, beynəlmiləl ola bilməz. Lakin yalançı vətənpərvər olan fanatik millətçilər də var. Onların bu ifrat millətçiliyi həmişə həm öz xalqına, həm də başqa xalqlara fəlakətdən başqa bir şey verməmişdir. Başqa millətləri sıxışdırıb çıxarmaqla, qorumaqla Ermənistan özünü “əzilən” millət kimi qələmə verməklə əsl şovinist  siyasət yürüdür. Onların bu siyasəti erməni xalqı kimi yaxşı sonluq vəd etmir.
   Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə aparmalıdır.
   Bu gün düşməni torpağımızdan rədd etmək üçün qüdrətli ordunun, müasir hərbi texnikanın, qeyrətli Ali Baş Komandanımız var. Bu gün Qarabağın sülh yolu ilə azad olunması üçün dövlətimiz hər cür danışıqlara getməyə razıdır, lakin təcavüzkar ermənilər hər vasitə ilə sülh danışıqlarından yayınmağa, onu yubatmağa çalışdılar. Məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan humanitar atəşkəsə sadiqliyini elan etdi, silahlı qüvvələrinə təlimat verdi. Ermənistan isə çox fərqli bir yol seçdi. Onun anti-insani sifəti bütün dünyaya göstərildi.
   Prezident İlham Əliyev 15 iyun 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, biz bilirik. Nəyi ediriksə, dəqiqliklə edirik.”
   Bu gün şəxsi heyət Prezidentin orduya göstərdiyi diqqət və qayğını öz gündəlik həyatında hiss edir və etimadını doğrultmaq üçün hər an hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir.
   Bizim hər birimizin ürəyində qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu vardır.
   Mən inanıram ki, qüdrətinə güvəndiyimiz igid Vətən oğulları Ali Baş Komandanın ətrafında sıx birləşəcək, xalqımızı bu bəladan xilas edəcək, bizi həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduracaqdır. Çünki Qarabağ Azərbaycandır.
    Bilməliyik ki, gözəl Vətənimizə göz dikən, xalqımızın qanına susayan əbədi düşmənimiz var və biz torpağımızı yağmalamağa fürsət gözləyən qarı düşmənin fitnə-fəsadlarının qarşısını almağa həmişə hazır olmalıyıq. Son əks-hücum əməliyyatları göstərdi ki, Prezident İlham Əliyev məharətli və vaxtında atılan diplomatik addımla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırdı. Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident üçün ən ali dəyərdir və Azərbaycan işğalla heç zaman barışmayacaq.
   Zaman ən böyük hakimdir deyirlər. Tarixdə heç bir ədalətsizlik sonsuzluğa qədər davam etmir, gec-tez haqq-ədalət öz yerini tutur.
   Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Onilliklərdən sonra torpaqlarımızın igid döyüşçülərimiz tərəfindən geri alınması bu həqiqətin təsdiqidir.

                                                                                  
Könül Dövlətova
273 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi

Keçidlər