Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan əsgəri bu gün tarix yazır

05 noyabr 2020 | 11:00

   Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Düz 30 ildir ki, erməni tapdağında qalan bu torpaqlara yenidən Azərbaycan igidlərinin ayağı dəyir. Azərbaycan əsgərinin əzmi, qüdrəti sayəsində bu gün torpaqlarımız yağı düşməndən azad olunur. Qürurverici bir haldır. Təbii ki, bu anı bizə yaşatdığına görə Ali Baş Komandan başda olmaqla Ordumuza borcluyuq.
   Bu gün Azərbaycan oğulları tarix yazırlar. Zəfər tarixi! Hər gün erməniləri torpaqlarımızdan qovmaqla onlara bir dərs verirlər. Elə bir dərs ki, tarixin özü belə bu dərsin qarşısında susqundur, çünki hər kəs gözəl anlayır ki, bu savaş Azərbaycanın haqq mübarizəsidir.
   Azərbaycanın əsgərləri yaxşı anlayır ki, onlar tarixi torpaqları uğrunda vuruşurlar və buna görə də Cənab Prezidentin dediyi kimi, “erməniləri iti qovan kimi”  bu torpaqlardan qovurlar.  Azərbaycan oğulları yaxşı anlayır ki, Mübarizin,  general Polad Həşimovun və minlərlə onlar kimi şəhidlərimizin ruhu yalnız Qarabağın işğaldan azad olunduğu gün dinclik tapacaq.
   Azərbaycan xalqı sənin əzminin, mübarizliyinin qarşısında baş əyməklə sənə öz minnətdarlığını bildirir, əsgər. Allah səni qorusun!
   Zəfər dolu xəbərlərlə ailənizə sağ-salamat dönmək arzusu ilə!

Həmidova Səadət
228 saylı orta məktəbin müəllimi

Keçidlər