Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycandır!

26 oktyabr 2020 | 11:00

    Keçən əsrin 90-ci illərin əvvəllərində ermənilər Dağlıq Qarabağda o zamankı dövlət başcılarımızın səriştəsizliyindən istifadə edərək Xocalı soyqırımını törətdilər və yerli azərbaycanlıları dədə-baba yurdlarından didərgin saldılar. 27 ildən çoxdur ki, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları, Şuşa, Xankəndi əsarət altında inləyirdilər. Minsk qrupuna daxil olan Rusiya, Fransa və ABŞ dövlətlərinin nümayəndələri də 27 ildir ki, gəlib gediblər, heç bir iş görməyiblər.
    Paşinyan hakimiyyətə gələn gündən özünün faşist hərəkəti ilə ayrı-ayrı sahələrdə  atəşkəsi pozaraq Azərbaycana hücum edir, yeni-yeni sahələr zəbt etməyə çalışıb. Ancaq Azərbaycan Ordusu Ali Baş Komandaninin tapşırığı ilə cəzalarını almış, geri çəkilməyə məcbur olmuşdur.
    Ermənistan respublikasının baş naziri Paşinyan tez-tez xarici vətəndaşları Qarabağda qəbul edir. "Qarabağ Ermənistandır" deyərək azğınlaşır. Şanlı ordumuz onun cavabını: "Qarabağ Azərbaycandır!" tutarlı şəkildə cavab verir. Ermənilərin hücumuna qarşı müdafiə məqsədi ilə Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir. Azərbaycan Ordusu qarşısında aciz görünən ermənilər şəxsən Paşinyanın əmri ilə dinc şəhər və kənd əhalisinə divan tutur. Gəncəyə, Tərtərə, Mingəçevirə, Beyləqana mərmi yağdırır, qocaları, uşaqları qətlə yetirir. Bu da beynəlxalq hüquqa ziddir. ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin vasitəçiliyi heç bir nəticə vermədi.
     Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibəsində qeyd etdi ki, Moskvada Ermənistan respublikasının baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər. Ermənistan BMT-nin 4 qətnaməsinə görə əraziləri boşalmalı idi. Danışıq aparmaq deyəndə, Gəncəyə ballistik raketlə dağıdıcı zərbə vuraraq danışığa imkan vermədilər. "Azərbaycan onların cəzasını yerində verir" dedi, -Ali Baş Komandan İlham Əliyev.
     Beləliklə, bu birinci və ikinci humanitar atəşkəsin pozulmasında da Ermənistan  səbəbkardır. Ermənilər bir gündə Tərtərə 100-dən çox raket atıb, hərbi mövqelərimizə hücum ediblər. Birinci atəşkəsdən 24 saatdan az vaxtda Gəncəyə hücum ediblər. Bu hərbi cinayətdir. Azyaşlı uşaqların, qocaların, qadınların günahı nədir? Bax ermənilər atəşkəsi beləcə pozdular. Elə ona görə də cəzalarını alırlar. Artıq Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda Azərbaycan bayrağı dalğalanır.
     İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, bu il ümumi daxili məhsul 4 faizdən aşağı olub. Neft sənayesində artım var. Yaponiya bankından alınan kreditlə Bakıda 2 böyük elektrik stansiyası tikilib. Yaponiya şirkətləri ilə isə avadanlıq, maşınqayırma, texnologiya, kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var.
     Ali Baş Komandanın işğal olunmuş ərazilərin qaytarılması üçün yürütdüyü siyasəti siyasi partiyaların mütləq əksəriyyəti də, bütöv Azərbaycan xalqı da, dost və qardaş ölkəmiz olan Türkiyə də dəstəkləyir.
    İlham Əliyev həmin müsahibədə onu da qeyd edib ki, sülh bölgənin simasını müsbət mənada dəyişəcəkdir. Azərbaycanla Gürcüstanın əməkdaşlığı çox yüksəkdir. Birlikdə neftin, qazın, elektrik enerjisinin nəqli, dəmiryolu bağlantısı, BTQ, BTC, BTƏ, TANAP layihələrini həyata keçiririk.
    Ermənistan işğala son qoysa, Azərbaycanla, Türkiyə ilə sərhəddi açıla bilər. Ermənistan bilməlidir ki, özünün 2 mln əhalisi olduğu halda Azərbaycanın 10 mln və qardaş Türkiyənin 83 mln əhalisi var. Ermənilər dərk etsinlər ki, 10, 20 ildən sonra necə yaşayacaqlar. Bu günlərdə ermənilər  kimin kim olduğunu dərk etdilər. 1990-cı illərdə Dağlıq Qarabağda, əsasən Şuşada, Xankəndində, Xocalıda 40 mindən çox azərbaycanlı yaşayıb.
"Azərbaycanda ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək"- dəfələrlə deyib Prezidentimiz İlham Əliyev.
    Artıq 30 ilin intizarına son qoyulmaqdadır. "Qarabağ Azərbaycandır!" - ideyası həyata keçirilir. Gələcəyimizə yaşıl işıq yandıran Prezidentimiz İlham Əliyev çox yaşasın! Mübariz ordumuza eşq olsun, onlara yeni-yeni qələbələr arzulayırıq!

Bilal Əhmədoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Keçidlər