Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır

26 oktyabr 2020 | 11:00

     Azərbaycan ordusu dayanmadan cəbhə xəttində  irəliləyərək böyük rəşadət göstərir. Demək olar ki, hər gün mərd, igid oğullarımız yeni yüksəkliklər, ərazilər ələ keçirərək torpaqlarımızı düşmən tapdağından azad edir. Lakin bütün bunlar heç də asan başa gəlmir bunun arxasında güclü əzm, Vətən sevgisi, yurd sevgisi,  xalqa olan bağlılıq və Ali Baş Komandanın yüksək hərbi bacarığı və siyasəti dayanır. Ermənistan rəhbərliyinin bugünə qədər öz xalqına təlqin etdiyi, onları inandırdığı erməni ordusunun məğlubedilməzliyi haqqında əfsanələrini Azərbaycan ordusu bir neçə gün ərzində darmadağın etdi. Nəticədə erməni rəhbərliyi və xalqı illərdir “yatmış olduğu yuxudan” ayılaraq həqiqətlə üz-üzə dayandı və bu həqiqət erməni milləti üçün ağır zərbə oldu. Lakin məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmən bu dəfə  guya öz siyasətini  dəyişərək atəşkəsin elan olunması üçün bir çox dünya dövlətlərinə müraciət etməyə, hətta yalvarmağa başladı. Nəticədə özünün acizliyini və zəifliyini qəbul edərək dəfələrlə müraciət etdiyi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Moskvada görüşü təşkil olundu. Bu görüşdə Azərbaycan hökumətinin mövqeyi qətiyyətli şəkildə tərəflərə bildirilmişdi ki, əgər atəşkəsin elan olunmasını istəyirlərsə o zaman Ermənistan ordusu işğal etdiyi torpaqları azad etməli və yalnız bundan sonra atəşkəs tam bərpa olunmalıdır. Ermənistan rəhbərliyi Azərbaycanın bu iradəli və kəskin mövqeyindən geri addım atmayacağını gözəl anlayırdı. Buna görə də oktyabr ayının 9-dan 10-na keçən gecə baş tutan görüşdə yalnız humanitar məqsədli atəşkəs barədə razılıq əldə edildi. Lakin bu razılıq düşmənin yeni, heç bitmək bilməyən növbəti mənfur əməlinin başlanğıcı idi. Hər dəfə verdiyi vədə xilaf çıxan, üzərinə düşən öhdəliyə əməl etməyən Ermənistan bu dəfə də atəşkəsdən istifadə edərək terrora əl atdı. Atəşkəsin elan olunmasından  24 saat belə keçməmiş düşmən Azərbaycanın ikinci böyük şəhəri mədəniyyət beşiyi, dahilər yurdu olan Gəncəni ballistik raketlə atəşə tutdu. Nəticədə 9 mülki vətəndaş həlak oldu, 34 nəfər yaralandı. Daha sonra eyni hücum 17 oktyabr tarixində təkrarlandı və yenə də Azərbaycan çoxsaylı itkilər verdi. Ermənistan ordusunun Azərbaycan ordusuna qarşı döyüş meydanında verə bilmədiyi cavabı dinc əhaliyə qarşı terror törətməklə, cəbhədə itirdiyi itkilərə qarşılıq dinc əhalini qırmaqla əldə edəcəyini düşündü. Tarix boyu öz miskin əməllərindən əl çəkməyən ermənilər beşikdəki körpədən, hələ arzularına çatmamış, ömür yolunun başlanğıcında olan yeniyetmədən, məktəblidən haqqı olmayan “Vətən”i istədi. Amma, Ermənistanın hücumları qarşılıqsız qalmadı. Azərbaycan Ermənistandan fərqli olaraq  əliyalın insanlardan, günahsız körpələrədən qisas almadı. Azərbaycanın cavabı igidliyin sərgiləndiyi tək yerdə - döyüş meydanında, ər meydanında oldu. Belə ki, 17 oktyabr tarixi Gəncə terroru ilə yanaşı həm də Zəngilan şəhərinin işğaldan azad olunması günü kimi tarixə düşdü. Azərbaycanın cavabı cəbhədə əli silahlı düşmənə qarşı oldu. Çünki Azərbaycan xalqı qədim türk xalqıdır. Qanı ilə, canı ilə,  iradəsi, mərdliyi ilə türkdür. Atalarımızdan bizə qalan ən böyük mirasdır türklüyümüz.
    Türkün genetik kodunda yalançılığa, qorxaqlığa, vəfasızlığa, haqsızlığa qarşı  ikrah, cəsurluğa, igidliyə, mərdliyə, halallığa  hörmət  hissi  vardır. Məhz buna görə də Azərbaycan mülki əhali ilə müharibə aparmır, heç vaxt, heç bir şəraitdə mülki əhaliyə qarşı terror törətmir. Bunu ancaq Ermənistan kimi faşist və terroru dövlət səviyyəsinə çıxaran, tarix boyu işğalçı kimi tanınan, verdiyi heç bir vədə əməl etməyən, nəinki verdiyi vədə əməl etməyən hətta imzaladığı razılaşmanı belə bir neçə saat ərzində pozan dövlət edə bilər. 
     Atəşkəsin uğursuz olma səbəbləri ilə bağlı ölkə başçısının da vurğuladığı kimi atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.
    Ölkə başçısı müsahibədə əsaslı atəşkəsin elan olunması üçün Ermənistanın danışıqlara sadiq qalmalı və ərazilərimizi boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürməli olduğunu da vurğuladı. Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır. Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur.
     İmzalanmış humanitar atəşkəsin məqsədləri - birincisi, mülkü şəxslərin münaqişənin getdiyi ərazilərdən çıxarılması, ikincisi, əsir və itkin düşmüşlərin yerinin müəyyənləşdirilib tərəflərə təhvil verilməsi, üçüncüsü isə həlak olan şəxslərin meyitlərinin ərazilərdən yığışdırılmasıdır. Yuxarıda sadalanan məqsədlərin heç birinə məhəl qoymayan  Ermənistan tərəfinin atəşkəsi pozmasından bu nəticəyə gəlmək olar ki, onlar nə öz millətinə, nə həlak olan əsgər və zabitlərinə, nə də ki, əsir və itkin düşmüş şəxlərinə iynə ucu qədər də olsun dəyər vermir, rəhbərlik onlardan sadəcə öz məqsədləri üçün istifadə edir. Öz millətinə qarşı bu qədər etinasız və rəhmsiz davranan bir ölkədən və ölkə rəhbərliyindən imzaladığı sazişə sadiq qalacağını gözləmək hazırkı vəziyyətdə böyük humanistlik tələb edir. Hər kəs də bunu bilməlidir ki, atəşkəsin pozulmasında yeganə günahkar Ermənistan tərəfidir.
     Beləliklə, əzəldən bəri Azərbaycan xalqına və dövlətinə çox yaxşı bəlli olan Ermənistanın xain, ikiüzlü əməllərinə artıq dünya dövlətləri də şahidlik etməyə başlayır. Lakin bütün dəlillərə, faktlara baxmayaraq bu dövlət öz çirkin əməllərini davam etdirir. Təxribatçı dövlət Azərbaycan xalqının və bütün dünyanın gözü qarşısında öz məkrli niyyətindən əl çəkməyərək təxribatlara əl atır. Bu isə artıq zəifləmiş və məğlub olmuş dövlətin son çırpınışlarıdır.

 

Quliyeva Arzu
233 saylı orta məktəbdə Azərbayca dili və ədəbiyyat müəllimi

Keçidlər