Prezidentə müraciət
Hörmətli Cənab Prezident!
Ali Baş Komandan!
Son günlərdə Sizin rəhbərliyiniz altında rəşadətli ordumuzun inamla irəliləməsi, 27 ildən artıq müddətdə işğal altında qalmış doğma ərazilərimizi hissə-hissə düşmən torpağından azad etməsi hər kəs kimi bizi də qürrələndirir.
Neçə illərdir ki, Siz Ermənistan rəhbərliyi ilə ümumi dil və konstruktiv yanaşma tapmağa çalışaraq Dağlıq Qarabağ münaqişəsini qansız-qadasız, yalnız, diplomatik yolla həll etməyə cəhd göstərirsiniz. Qarşı tərəf isə bu xoş mərama ancaq təxribatlarla cavab verərək danışıqlar prosesi üçün heç bir imkan buraxmadı.
Təxminən 30 il ərzində qurduğu müdafiə xəttinə və istehkam sisteminə arxayın olan düşmən sülh prosesini qəsdən uzatmaqla mövcud durumu möhkəmləndirməyə çalışsa da, döyüş meydanında ağır məğlubiyyətə düçar oldu: cəmi 10 gün ərzində erməni tərəfinin müdafiə sistemi yerlə-yeksan edildi, çoxsaylı hərbi obyektləri və qurumları məhv oldu.
Beləliklə, 1994-cü ildən sonra ilk dəfə olaraq, Sizin də qeyd etdiyiniz kimi, nə status – kvo qalmayıb, nə də təmas xətti.
Bu cür zərbəyə məruz qalmış Ermənistana yenə də humanist münasibət göstərərək humanitar atəşkəsə razılıq verdiniz və sülh prossesi üçün yeni bir şans yaratdınız. Lakin, yağı düşmən öz xain xislətinə sadiq qalaraq bu humanitar atəşkəsi pozdu və Azərbaycan rəhbərliyinin xoş niyyətindən sui-istifadə etməyə çalışdı.
Ölkəmizə qarşı siyasi – diplomatik təzyiqlərə və məkrli informasiya müharibəsinə baxmayaraq şanlı ordumuzun Sizin komandanlığınız altında torpaqlarımızın azad edilməsi kampaniyasının uğrunda həyata keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Tez bir zamanda üçrəngli bayrağımızın Xankəndi və Şuşada dalğalanması arzusu ilə...
Əsgərova Afaqət Yaşar qızı
E.Quliyev adına Sağlamlıq imkanları
məhdud uşaqlar üçün 9 nömrəli xüsusi
internat məktəbin direktoru