Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan işğal olunmuş torpaqlarına qayıdır

21 oktyabr 2020 | 11:00

    Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ cəbhəsində müharibənin yeni mərhələsinin başlanması və gedişi ilə bağlı xalqa müraciətlərində, xarici KİV-lərə verdiyi müsahibələrdə əksini tapmış tarixi faktlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və həyasız erməni yalanlarını bütün dünyada ifşa etmək, ölkəmizin haqq işinə geniş dəstək qazandırmaq baxımından çox əhəmiyyətlidir.
   Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciətində söyləmişdir: “Mən çox şadam və xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət tələb edir.”
   Prezidentimiz gecəyarısı Gəncənin yenidən uzaqvuran raketlərlə atəşə tutulması nəticəsində baş vermiş qanlı faciəni müharibə cinayəti kimi bütün dünyaya bəyan etdi. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Tərtər, Gəncə, Mingəçevir, Ağdam, Goranboy, Ağcabədi, Bərdə şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb.
   Düşmən tərəfin döyüş meydanlarında layiqincə cəzalandırıldığını, günahsız Gəncə qurbanlarının qisasının da alındığını vurğuladı. Dövlət başçısının Zəngilan şəhərinin və çox sayda yaşayış məntəqələrinin azad edilməsi xəbərini açıqlaması isə xalqımızın qələbəyə inamını da qətiləşdirdi.
   Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Qısa müddət ərzində Füzuli şəhəri və rayonunun əksər kəndləri, Zəngilan şəhəri və onun kəndləri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi.
   Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni əsgəri qorxudan öz silahlarını yerə qoyub qaçır. Onların texnikasının bir hissəsi - 241 ədəd tankları məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb, piyadaların 50 döyüş maşını –məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Çoxsaylı digər döyüş sursatları da məhv edilib və hərbi qənimət kimi götürülüb.
   Dövlət başçılarımız 27 il ərzində səbr və təmkinlə Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, sülh yolu ilə həllinə çalışmışdır. Düşmən ölkənin caniləri isə daim danışıqları pozmuş, Azərbaycanı təxribata çəkməyə cəhd göstərmişlər. Nəhayət, düşmən tərəfin son hərbi təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etmək uğrunda şərəf və ləyaqət mübarizəsinə başlamışdır.
   Son günlərdə dövlət başçısının Türkiyənin, Rusiyanın və digər ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə verdiyi müsahibələrində, sosial şəbəkə ilə paylaşmalarında da münaqişənin tarixi səbəblərindən başlamış, Moskvada üçtərəfli qaydada əldə edilmiş atəşkəs haqqında razılaşmanın pozulmasına, işğaldan azad olunan torpaqlarda görülməsi zəruri olan işlərə qədər beynəlxalq aləmdə maraq doğuran bir çox önəmli məsələlərə aydinlıq gətirilmişdir.
   Ali Baş Komandan xalqa müraciətində demişdir: “Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri! Biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq və qıracağıq.”
   Müzəffər ordumuz döyüş meydanında qazandığı qələbələri ilə 30 ilə yaxın işğal altında xarabalığa çevrilmiş bütün ərazilərimizdə Azərbaycan bayrağını inamla, qürurla dalğalandıracaq. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
    Son qələbə bizimlədir. Yaşasın Azərbaycan Ordusu!
    Qarabağ Azərbaycandır!

Arif Yunisov
15 saylı Təcili yardım stansiyasının baş həkimi

Keçidlər