Şriftin ölçüsü :

Saytın rəngi :

Doğma Zəngilanım düşmən əsarətindən qurtuldu!

20 oktyabr 2020 | 11:00

   Oktyabrın 20-də Şanlı Azərbaycan Ordusu Zəngilan şəhərinin azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə etdi. Bu kadrları izləyərkən sevinc hisslərimi necə ifadə etməyimi bilmədim. Doyunca ağladım. Zəngilanda yaşadığım, gördüyüm təəssüratlar gözümün önündən keçdi. Həmişə daxilimdə bir yarımçıqlıq, natamamlıq sindromunu yaşamışam. Məcburi köçkün olmağımla utanmışam, sıxılmışam. Doğma torpağımın həsrətini şəkmişəm, yuxularımda görmüşəm, haçansa ora dönəcəyimi hər gün arzulamışam.
    Budur, o gün yetişdi! Ali Baş komandan şəxsən xalqımızı Zəngilan şəhərinin, həmçinin onlarla yaşayış məntəqəmizin işğaldan azad olunması münasibətilə təbrik etdi!
   Torpağımızın hər qarışı müqəddəsdir. Hər bir kəndin, şəhərin azad edilməsinə çox sevinirəm. Bu gün isə ən çox sevindiyim doğulduğum Zəngilanın azad edilməsilə Azərbaycanımızın cənub sərhədinə sahib çıxması, sərhədlərin Ermənistan nəzarətindən qurtarmasıdır.
    Zəngilanın işğaldan azad edilməsi o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nin qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib. Artıq ordumuz rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünürəm ki, o günlər uzaqda deyil. Hər səhəri yeni qələbə müjdələrilə açmağı arzulayıram.
    Allah Ali Baş Komandanımızı qorusun! Allah əsgərlərimizi, xalqımızı qorusun!
    Tezliklə torpaqlarımız işğaldan qurtulsun, məcburi köçkünlərimiz öz yurdlarına, yuvalarına qayıtsınlar. Qarabağın bir qarış torpağı da düşmən tapdağında qalmasın!

Vəfa Hacıyeva,
9 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti

Keçidlər