27 illik həsrətə son qoyuldu
17 oktyabrda Ali Baş Komandanımız İlham Əliyevin xalqa verdiyi növbəti müjdə hər kəsin ürəyini dağa döndərdi. Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. 1993-cü il avqustun 23-də işğal edilən Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri illər sonra düşmən tapdağından azad edildi. Bununla da 27 illik həsrətə son qoyuldu. Zəngilan rayonundan məcburi köçkün olan ailəmizdə hamı gözyaşlarına boğuldu.
Bu müjdə dünya azərbaycanlılarında fəxr hissi yaşatmaqla yanaşı, tariximizdə ən şərəfli səhifələrdən olan 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə ən böyük, ən layiqli töhfə oldu.
İşğaldan azad olunan ərazilər erməni vandalizmin şahididir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir.
Prezidentin xalqa müraciəti zamanı söylədiyi hər bir söz, hər bir cümlə insanlarımızın qəlbini rüqqətə gətirir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər yürüşünü davam edəcəkdir.
Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir.
Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən almır. Öz siyasi ideyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan hər gün sarsıdıcı zərbələr alır. Qəhrəman ordumuz düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında alır.
Bəllidir ki, müharibədə hücum edən tərəf daha çox itki verir, amma bizdə əksinədir. Düşmən bizdən daha çox itki verib. Bu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarının nəticəsidir.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz. Ali Baş Komandanımızın söylədiyi kimi, bu qələbələrlə Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Böyük qələbəyə çox az qalır. 30 ilə yaxındır gözlədiyimiz o möhtəşəm tarix yetişib artıq. Elə bir tarix ki, uğrunda fəda olan müqəddəs şəhid ruhlarının nigarançılığına son qoyacaq və tezliklə zəfər bayrağımız Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və nəhayət Azərbaycanın gözü olan Şuşada dalğalanacaq.
Qüdrərli Ordumuz hər keçən gün bizləri bu müqəddəs günə daha da yaxınlaşdırır.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Vəfa Hacıyeva
9 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti