Yaşat bizi uzaqlarda
Salam müəllimə.
Mənim adım uşaqdır.
Müharibənin ortasından yazıram sənə
Yalvarıram.
Hərf öyrətmə şagirdlərinə
Məndən danış.
Sözlərinlə anlat məni
Gözlərinlə anlat məni.
Mən ölürəm YAŞAT MƏNİ...
Rəqəmləri məndə öyrət.
5 yaşım var
Burda ölən uşaqların 3 yaşı var, 4 yaşı var.
8,9,10 yaşı var.
Bir də sayın güllələri, mərmiləri
yaraları, parçaları
Hesablayın dağıdılan yuvaları.
Burda ömür gedib çatmır 80-lərə, 90-lara
Yalvarıram sevgi öyrət uşaqlara.
Qoy bilsinlər döymək pisdir, söymək pisdir
Kəsmək pisdir
Yaralarım çox incidir, müəliməm.
Səbri öyrət uşaqlara.
Qoy bilsinlər dözmək olar şirniyyatsız,
oyuncaqsız.
Dözmək olmur ağrılara, yaralara.
Dözmək olmur itgilərə
Dözmək olmur yaşamağa buralarda
De ki, de ki bir uşaq var uzaqlarda.
Yaxınları uzaqlarda, uşaqlığı uzaqlarda
Qıydı ona insanlar da, silahlar da.
Müəlliməm, qıydı mənə arzular da, xəyallar da.
Məndən danış oralarda.
Yaşat bizi uzaqlarda.
Səkinə Rzayeva,
228 saylı orta məktəbin direktoru